Hazırda dünya şəhərləri iqlim dəyişikliyi, mobillik problemləri, tıxaclar, ekoloji çətinliklər və səs-küy kimi çoxsaylı problemlərlə üz-üzədir.


 


Bu sözləri Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF) çərçivəsində müasir şəhərlərin üzləşdiyi çağırışlardan danışarkən deyib.


 



 


Onun sözlərinə görə, bu məsələlər hər bir şəhər üçün prioritet həll istiqamətləri tələb edir və Bakı da istisna deyil. Rauf Ağamirzəyev vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri artıq regionda daha aydın hiss olunur və son illərdə Bakıda keçirilən COP29 kimi beynəlxalq tədbirlər bu problemlərə qlobal səviyyədə diqqət yönəldilməsi baxımından mühüm platforma rolunu oynayır.


 


O əlavə edib ki, artıq bəzi bölgələrdə infrastrukturun iqlim təsirləri nəticəsində zədələnməsi, torpaq sürüşmələri və yol infrastrukturunda problemlər müşahidə olunur ki, bu da şəhərsalma və layihələndirmə zamanı iqlim faktorlarının daha ciddi nəzərə alınmasını zəruri edir. Ekspert həmçinin qeyd edib ki, böyük şəhərlərdə əhalinin yaşlanması və az mobilli qrupların artması inklüziv şəhər planlaşdırılmasını daha da aktuallaşdırır. Onun sözlərinə görə, Bakıda keçirilən forum çərçivəsində təqdim olunan inklüziv şəhər mühiti təcrübələri gələcək şəhər inkişafı üçün nümunə ola bilər.


 


Firuzə Əliyeva


Sfera.az