Baharın gəlişi paytaxt Bakının hər bir guşəsinə xüsusi rəng qatsa da, Xəzərin qoynunda yerləşən Pirallahı rayonu bu günlərdə tamam başqa bir gözəlliyə bürünüb. Pirallahı Azərbaycanda neft sənayesinin ən qədim mərkəzlərindəndir. Həmçinin Azərbaycanın ən gənc rayonlarından biridir. Xəzər dənizinin Abşeron körfəzində yerləşən bu ada Sovet dönəmində inqilabçı fəhlə Artyomun şərəfinə "Artyom adası" adlandırılıb. Müstəqillik qazanıldıqdan sonra adaya tarixi adı olan Pirallahı qaytarılıb. "Pirallahı" sözü burada mövcud olan qədim müqəddəs inanc yerləri, yəni pir ilə bağlıdır. 




Sfera.az-ın əməkdaşları rayonda aparılan genişmiqyaslı yaşıllaşdırma işlərini və təbiətin oyandığı möhtəşəm mənzərələri lentə alıb.




Yolumuz adaya doğru uzanarkən bizi ilk qarşılayan Gürgən qəsəbəsinin girişində ucaldılan möhtəşəm qala divarları olub. Gürgən sözü fars dilində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Qədim Azərbaycan memarlıq üslubunda inşa edilən bu qala divarları rayona gələn qonaqlara keçmişin əzəmətini xatırladıb. Lakin bu dəfə diqqətimizi çəkən yalnız daşların əzəməti deyil, onların ətəyində salınmış canlı çəhrayı-bənövşəyi rəngli nəhəng çiçək örtüyüdür. Bahar günəşinin şüaları altında parıldayan bu bitki xalısı, dənizdən əsən xəfif meh ilə birləşərək insanda sanki bir nağıl diyarındaymış təəssüratı yaradır.




Rayonun daxilinə, müasir körpüyə doğru irəlilədikcə göz oxşayan mənzərələr bir-birini əvəz edir. Yolayrıcında ucalan alov tipli müasir kompozisiyalı abidə və onun ətrafındakı yaşıl dairə adanın modern üslubunu nümayiş etdirib.




Sahil boyu uzanan park və yollarda isə Pirallahının zəngin tarixi və yerli əhalinin məişəti tərənnüm olunub. Burada quraşdırılan tunc heykəllər, dənizlə mübarizə aparan cəsur balıqçılar, yerin dərinliyindən qara qızıl çıxaran fədakar neftçilərə həsr olunmuş heykəllər adanın keçmişini bu gününə bağlayıb. Çiçək dənizinin ortasından ucalan bu heykəllər rayonda insanlara, zəhmətkeşlərə və neftçilərə olan böyük ehtiramın vizual göstəricisidir.




Reportajımızın son dayanacağı Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı park sahəsidir. Müasir arxitekturası ilə seçilən binanın ətrafı bənövşəyi rəngli xüsusi çiçəklərlə tamamilə bəzədilib. Yaşıl zeytun ağacları və qırmızı qızılgül kollarının bu bənövşəyi çiçəklərlə yaratdığı kontrast göz oxşayır. Mavi göy üzü, Azərbaycanın dalğalanan üçrəngli bayrağı və bu ecazkar təbiət harmoniyası Pirallahının bu günkü inkişafının və estetik gözəlliyinin rəmzinə çevrilib.




Bəsti Rəfizadə

Sfera.az