Uşaqlar və gənclərin gələcəkdə mənzil böhranı ilə qarşılaşmaması üçün dövlət siyasətində uzunmüddətli planlaşdırma, inklüziv şəhərsalma və insan kapitalının inkişafı əsas prioritetlərdən biri olmalıdır.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində saytımıza xüsusi açıqlamasında deyib. O bildirib ki, forumun əsas məqsədi yalnız uşaqlar və gənclərlə bağlı deyil, ümumilikdə insanların yaşayış, şəhərsalma, tikinti və planlaşdırma proseslərində üzləşdiyi problemlərin müzakirəsi və bu istiqamətdə beynəlxalq təcrübələrin paylaşılmasıdır.
Bahar Muradovanın sözlərinə görə, müxtəlif ölkələrin fərqli təcrübələri var və bu cür beynəlxalq platformalar həmin təcrübələrin öyrənilməsi, mövcud problemlərin qabardılması və onların həlli üçün vacib imkan yaradır. Komitə sədri qeyd edib ki, hər bir insanın mənzillə təmin olunması bütün dövlətlər üçün arzu olunan hədəfdir. Lakin müharibələr, iqlim dəyişiklikləri, sosial və digər səbəblərdən dünyada hələ də qeyri-rəsmi məkanlarda və qeyri-qənaətbəxş şəraitdə yaşayan insanlar mövcuddur.
O vurğulayıb ki, dövlətlər bu problemləri kompleks şəkildə qiymətləndirməli, gələcək planlamalarda uşaqların, gənclərin, xüsusi qayğıya ehtiyacı olan insanların rahat və təhlükəsiz yaşayışını nəzərə almalıdır.
“Yeni standartlar yaradılmalı, şəhərlər insanların ehtiyaclarına uyğun inkişaf etdirilməli, eyni zamanda cəmiyyətin davranış mədəniyyəti və məsuliyyət hissi də gücləndirilməlidir”,– Bahar Muradova əlavə edib.
O, həmçinin bildirib ki, infrastrukturun qurulması ilə yanaşı, insan kapitalının inkişafı da diqqətdə saxlanmalıdır:
“Dövlət bu imkanları yaradır, amma onları qoruyub düzgün istifadə edən cəmiyyətin özüdür”.
Bahar Muradova media nümayəndələrinin bu məsələlərdə maarifləndirici roluna da diqqət çəkərək, cəmiyyətə doğru mesajların çatdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri, urbanizasiya və sosial çağırışlar fonunda düzgün siyasətlərin vaxtında formalaşdırılması gələcək nəsillərin mənzil və yaşayış problemlərinin qarşısının alınmasında mühüm rol oynayacaq.
Firuzə Əliyeva
Sfera.az