Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Meksika pavilyonu ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biri olub. Burada ənənəvi geyimləri və performansları ilə diqqət çəkən rəqqaslar Meksikanın qədim mədəniyyətini və simvollarını təqdim ediblər.


 


Sfera.az-a danışan Meksikadan olan rəqqas Aleks Kozkakuautli özünü qədim Aztek döyüşçüsü obrazında təqdim edib.


 


O bildirib ki, adı Nahuatl dilindən gələn pre-ispan mənşəli addır.


 


“Bu geyim Meksika şəhərini təmsil edən pre-ispan döyüşçüsünün obrazıdır. Burada Aztek döyüşçüsü, daha dəqiq desək, Yaquar döyüşçüsü canlandırılır. Geyimdəki elementlər yaquarı və ölülər tanrısını simvolizə edir”, - o qeyd edib.


 


Aleks Bakının gözəlliyi və insanların qonaqpərvərliyi ilə bağlı təəssüratlarını da bölüşüb.


 


“Azərbaycan çox gözəl və isti ölkədir. İnsanlar çox mehriban və qonaqpərvərdir. Burada hər kəslə tanış olmaqdan məmnunuq. Bu dəvətə görə çox xoşbəxtik”, - o vurğulayıb.


 


Meksika pavilyonunda iştirak edən digər rəqqas Qvadalupe isə forum çərçivəsində təqdim etdikləri mövzular haqqında danışıb. O bildirib ki, əsas məqsədlərdən biri utopiyalar, sosial fəaliyyətlər və qadınların roluna diqqət çəkməkdir.


 


“Burada uşaqlar və müxtəlif yaş qruplarından insanlar üçün çoxsaylı fəaliyyətlər təşkil edirik. Eyni zamanda qadınların cəmiyyətdəki rolunu ön plana çıxarmaq da təqdim etdiyimiz əsas mövzulardan biridir”, - o bildirib.


 


Qvadalupe geyiminin Meksikanın qədim ənənələrindən ilhamlandığını söyləyib. O, bəzi atributların xüsusi mənalar daşıdığını vurğulayıb.


 


“Bu, Nahuatl dilində Popochcomitl adlanır və burada copal istifadə olunur. Copal mənfi enerjidən təmizlənmək üçün yandırılır. Onun tüstüsü ruhi və mənəvi təmizlənmə məqsədilə istifadə edilir. Ayaqlarımdakı Ayoyotes isə ənənəvi səs çıxaran bəzəklərdir. Onların yaratdığı səs ilan səsi və ya yağışın ritmini xatırladır”, - rəqqas qeyd edib.


 


WUF13 çərçivəsində Meksika pavilyonunda nümayiş olunan bu rəngarəng təqdimat iştirakçılara ölkənin qədim irsi, mədəni dəyərləri və ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb.




Firuzə Əliyeva

Sfera.az