Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iştirak edən Liviya nümayəndə heyətinin üzvü, Tikinti Nazirliyinin əlaqələndirici müşaviri Fatih Karas Azərbaycanla bağlı müsbət fikirlərini bölüşüb.


 


Sfera.az xəbər verir ki, saytımıza danışan Fatih Karas forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, tədbir çərçivəsində müxtəlif ölkələrdən olan iştirakçılarla fikir mübadiləsi aparmaq, onların təcrübələri ilə tanış olmaq və yerli insanlarla ünsiyyətdə olmaq olduqca faydalıdır.


 


Liviya rəsmisi Azərbaycanın qısa müddətdə qazandığı inkişafın diqqətçəkici olduğunu qeyd edib: “Biz burada cəmi üç gündür iştirak edirik, amma ölkənizin inkişafı bizi həqiqətən heyran etdi. Gördüklərimiz çox təsirlidir. Azərbaycanın şəhərsalma və inkişaf təcrübəsini öyrənmək, gələcəkdə bu sahədə əməkdaşlıq imkanlarını dəyərləndirmək istəyirik”,– o bildirib.


 


Fatih Karas həmçinin bunun Azərbaycana ilk səfəri olduğunu qeyd edib. O, ölkənin qonaqpərvərliyindən, mətbəxindən və ümumi atmosferindən məmnun qaldığını vurğulayaraq yenidən Azərbaycana səfər etmək istədiyini əlavə edib.


 


Firuzə Əliyeva


Sfera.az