Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması və infrastruktur layihələrinin icrası mərhələli şəkildə həyata keçirilir.
Sfera.az xəbər verir ki, bunu SCUPA Layihə İdarəetmə Departamentinin rəhbəri Ramil Cahangirov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda istifadəyə verilən yaşayış evləri və məntəqələr baş planların ilkin mərhələlərinə aiddir. Bu prosesin təhlükəsiz və ardıcıl aparılması üçün minatəmizləmə qurumları ilə sıx koordinasiya həyata keçirilir.
Əvvəlcə ərazinin ilk mərhələsi minalardan təmizlənir, daha sonra tikinti işlərinə başlanılır. Ramil Cahangirov bildirib ki, söhbət yalnız yaşayış məntəqələrinin sərhədlərinin təmizlənməsindən getmir. Eyni zamanda həmin əraziləri elektrik, su təchizatı, qaz və genişzolaqlı internet kimi vacib kommunikasiya xətləri ilə birləşdirən marşrutların da minalardan təmizlənməsi vacibdir. O qeyd edib ki, bu istiqamətdə ANAMA və digər aidiyyəti qurumlarla, eləcə də kommunal xidmət təminatçıları ilə əməkdaşlıq prosesi olduqca əhəmiyyətlidir. Bu koordinasiya prosesi layihələri daha mürəkkəb etsə də, eyni zamanda daha sistemli və təşkilatlanmış şəkildə həyata keçirilməsinə imkan yaradır.
Departament rəhbəri vurğulayıb ki, ərazilərin minadan təmizlənməsi tikinti başlamazdan dərhal əvvəl deyil, daha erkən mərhələdə başa çatmalıdır. Çünki layihələndirmə və planlaşdırma işlərinin aparılması üçün mühəndislər, memarlar və dizaynerlər əraziyə daxil olmalı, geoloji və geofiziki araşdırmalar həyata keçirməlidirlər. Buna görə də təhlükəsizlik tədbirləri tikintidən əvvəl, hətta layihələndirmə mərhələsindən öncə təmin edilməlidir. Ramil Cahangirov əlavə edib ki, minatəmizləmə yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmır. Gələcəkdə həmin ərazilərə qayıdacaq insanların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün yaşayış məntəqələrinin ətrafındakı bufer zonaların da təmizlənməsi vacibdir. Onun sözlərinə görə, məqsəd qayıdacaq sakinlər üçün adi yaşayış şəraitinə yaxın, məhdudiyyətsiz və təhlükəsiz mühit formalaşdırmaqdır ki, insanlar özlərini risk altında hiss etmədən həmin ərazilərdə yaşaya və hərəkət edə bilsinlər.
Firuzə Əliyeva
Sfera.az