Azərbaycanda 2020-ci ilin noyabrından bu günə qədər mina və partlayıcı sursatların səbəb olduğu hadisələr nəticəsində yüzlərlə insan zərər çəkib.


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə deyib.


 


Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları zamanı meşəlik ərazilərdə, o cümlədən ağacların üzərində yerləşdirilmiş minalar, eləcə də kommunal infrastruktur obyektlərinin – kabellərin, quyuların və digər sahələrin ətrafında gizlədilmiş partlayıcı qurğular aşkar olunub. Samir Poladov bildirib ki, “kəhriz” adlanan qədim yeraltı suvarma sistemi bir çox bölgələrdə tarixən yeganə su mənbəyi olub və bu gün də öz əhəmiyyətini qoruyur.


 


O vurğulayıb ki, bərpa işləri bu cür infrastruktur obyektlərini əhatə etdikdə, təhlükəsiz giriş və bərpa prosesinin təmin olunması üçün ilk növbədə minatəmizləmə işləri aparılmalıdır. ANAMA rəsmisi qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək mina və digər partlayıcı qurğuların törətdiyi hadisələr nəticəsində 425 nəfər zərər çəkib. Onlardan 73-ü həyatını itirib, 352 nəfər isə ağır yaralanıb.


 


O bildirib ki, zərərçəkənlərin böyük əksəriyyəti müxtəlif yaş qruplarından olan mülki şəxslərdir. Mina partlayışları nəticəsində uşaqların da həyatını itirməsi bu təhlükənin miqyasını daha da artırır. Samir Poladov əlavə edib ki, 2020-ci illə müqayisədə mülki əhali arasında mina hadisələrinin sayı azalıb. Bu nəticənin əsas səbəbi ölkə üzrə həyata keçirilən genişmiqyaslı maarifləndirmə və mina təhlükəsi ilə bağlı məlumatlandırma proqramlarıdır. Bununla belə, o qeyd edib ki, belə hadisələr hələ də zaman-zaman qeydə alınır.


 


Firuzə Əliyeva


Sfera.az