Azad edilmiş ərazilərdə geniş sahələrin mina və digər partlayıcı sursatlarla çirkləndiyi bildirilir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırkı qiymətləndirmələrə əsasən, azad edilmiş ərazilərdə təxminən 11 600 kvadrat kilometr sahə partlayıcı maddələrlə çirklənib və ya çirklənmiş hesab olunur.
Samir Poladov qeyd edib ki, minaların ən sıx yerləşdiyi ərazilər əsasən keçmiş təmas xətti boyunca müşahidə olunur. Bu zonalarda müxtəlif hərbi istehkamlar, piyadaəleyhinə və tank əleyhinə mina zolaqları mövcuddur. Bununla yanaşı, təhlükənin yalnız həmin ərazilərlə məhdudlaşmadığını, işğal dövründə başqa bir çox ərazilərin də minalandığını vurğulayıb. ANAMA rəsmisi bildirib ki, azad edilmiş ərazilərdə dağıdılmış yaşayış məntəqələri, çökən infrastruktur, iri həcmdə tikinti tullantıları ilə yanaşı, mina, tələ-mina və partlamamış hərbi sursat təhlükəsi də qalmaqdadır.
O əlavə edib ki, gündəlik minatəmizləmə əməliyyatları zamanı müxtəlif növ partlayıcı qurğularla rastlaşırlar. Xüsusilə tələ-mina halları bir sıra yaşayış və mülki infrastruktur obyektlərində - binaların giriş hissələrində, qapı arxalarında, pəncərə kənarlarında və digər gözlənilməz məkanlarda aşkarlanır. Samir Poladov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra həmin ərazilərdə çoxlu sayda tələ-mina zərərsizləşdirilib. Onun sözlərinə görə, ən geniş şəkildə minalanmış ərazilərdən biri də qəbiristanlıqlar olub.
O qeyd edib ki, xüsusilə münaqişədən sonra doğma yurdlarına qayıdan məcburi köçkünlərin yaxınlarının məzarlarını ziyarət etməsi zamanı bu ərazilərdə çoxsaylı mina partlayışı hadisələri baş verib. Nəticədə bir çox mülki şəxs həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb.
Firuzə Əliyeva
Sfera.az