Son bir neçə gündə orta və ali məktəblərdə dərslərin onlayn rejimə keçirilməsindən sonra paytaxtdakı nəqliyyat və sərnişin sıxlığında xeyli azalma müşahidə olunub. Bu müddətdə ictimai nəqliyyatda sərnişinlərin azlığı müşahidə edilir, yollarda isə tıxaclar uzun müddət davam etmir.
Maraqlıdır, bu fakt onu deməyə əsas verirmi ki, təhsil müəssisələrinin yerləşmə yerlərini dəyişməklə və təhsil verilmə rejimini tənzimləməklə sərnişin və nəqliyyat sistemində sıxlığı daimi azaltmaq olar?
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Sfera.az-a açıqlama verib.
Ekspert dərslərin onlayn rejimə keçməsi ilə şəhərdə sıxlığın azalmasının sadəcə bir səbəb olduğunu və digər amillərin də olduğunu vurğulayıb:
“Normal şəhərlərdə, Bakı kimi iri və hətta ondan da böyük şəhərlərdə də ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Bu faktor müəyyən təsir göstərsə də, bu qədər tıxac və sıxlığın yaranmasına səbəb olmamalıdır. Bizdə əsas problem nizamlama və planlaşdırmanın düzgün qurulmamasıdır. Yəni valideynlər övladlarını məktəbə yerləşdirərkən “yaxınlıqdakı məktəbə qoyum, piyada aparım” düşüncəsi ilə hərəkət etmədiklərinə görə, məktəblər və digər təhsil müəssisələri fəaliyyətə başlayan kimi tıxac pik həddə çatır. Demək istəyirəm ki, bəli, bu amilin təsiri var, amma məsələyə yalnız bu prizmadan yanaşmaq düzgün deyil”.
Y.Mustafayev məsələnin kökündən həll olunması üçün bir sıra təkliflər verib:
“Məsələn, ali məktəblərin yerinin dəyişdirilməsi mümkündür. Ancaq mən bunu da tam məqbul variant hesab etmirəm. Əsas məqsəd insanları fərdi nəqliyyat vasitələrindən istifadədən çəkindirmək olmalıdır. İnsanları öz avtomobillərindən mümkün qədər az istifadə etməyə, yaxın məsafələri piyada qət etməyə, uzaq məsafələrdə isə ictimai nəqliyyata üstünlük verməyə təşviq etmək lazımdır. Orta məktəblərin yerini dəyişmək mümkün deyil. Ali təhsil müəssisələri ilə bağlı isə belə bir imkan var. Düzdür, şəhər mərkəzində yerləşən bəzi universitetlərin, məsələn İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Texniki Universitetin şəhər kənarında yerləşməsi daha məqsədəuyğun ola bilər. Yəqin ki, gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılacaq. Amma nəqliyyat vasitələrinin sayının durmadan artması onu göstərir ki, hətta həmin ali təhsil müəssisələri şəhər mərkəzindən çıxarılsa belə, bu, yalnız müəyyən qədər rahatlıq yarada bilər, problemi isə tam şəkildə həll etməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az