Avropa İttifaqı təkcə Azərbaycanda mina fəaliyyətlərinə dəstək verən donor deyil, eyni zamanda bu sahədə dünyanın aparıcı aktorlarından biridir.
Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç deyib. Səfir mina təmizlənməsi və post-münaqişə bərpa prosesində Avropa İttifaqının rolundan danışıb. Onun sözlərinə görə, Aİ-nin humanitar mina təmizlənməsi üzrə dəstəyi nəticəsində mina ilə çirklənmiş ərazilər təhlükəsiz və istifadəyə yararlı torpaqlara çevrilir.
“Bizim dəstəyimiz münaqişələrin miras qalan ölümcül nəticələrini bərpa, yenidənqurma və icmaların dirçəlişi üçün imkanlara çevirir,”– deyə o qeyd edib. Mariana Kuyundziç vurğulayıb ki, heç kim öz torpağında qorxu ilə yaşamamalıdır. Onun sözlərinə görə, təhlükəsiz torpaq dayanıqlı inkişafın əsas şərtidir.
O, iki gün əvvəl Qarabağa səfər etdiyini də xatırladaraq bildirib ki, orada müharibənin dağıdıcı nəticələri ilə yanaşı, bərpa və yenidənqurma prosesinin də şahidi olub:
“Orada təkcə dağıntıları deyil, həm də ümid və yeni imkanları gördüm".
Səfir əlavə edib ki, mina təmizlənməsi uzunmüddətli prosesdir. O, Xorvatiya nümunəsini xatırladaraq bildirib ki, həmin ölkə müharibədən 31 il sonra mina problemini tam aradan qaldıra bilib.
Aİ rəsmisi qeyd edib ki, Azərbaycan mina səbəbilə genişmiqyaslı çirklənmə ilə üz-üzə qalıb və bu istiqamətdə “Team Europe” yanaşması çərçivəsində Avropa İttifaqı, üzv dövlətlər və maliyyə institutları birlikdə fəaliyyət göstərir. Məqsəd məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaqdır. Onun sözlərinə görə, Aİ mina təmizlənməsi, texniki təlimlər, risk maarifləndirməsi, qurbanlara dəstək və qeyri-texniki araşdırmalar daxil olmaqla geniş spektrli layihələri maliyyələşdirir.
Həmçinin Azərbaycanda ilk qadın minaaxtaran qrupunun yaradılmasına da dəstək verilib. Səfir həmçinin innovativ yanaşmalara da diqqət çəkərək mina axtaran siçovulların istifadə olunduğu pilot layihələri misal çəkib. Hazırda Sloveniya mərkəzli Beynəlxalq Mina Təmizləmə və Mina Qurbanlarına Yardım Fondu ilə yeni layihə üzrə danışıqlar aparıldığını deyən Kuyundziç, ANAMA-nın institusional və əməliyyat imkanlarının gücləndirilməsinin planlaşdırıldığını bildirib. Aİ rəsmisinin sözlərinə görə, artıq mina təmizlənməsi üçün 22 milyon avro həcmində “Team Europe” dəstəyi səfərbər olunub. Bunun 10 milyon avrosu isə avadanlıqlar və beynəlxalq təcrübə mərkəzinin yaradılmasına yönəldilib.
O əlavə edib ki, bu mərkəz təkcə Azərbaycana deyil, regiona da xidmət göstərəcək. Səfir çıxışının sonunda vurğulayıb ki, mina təmizlənməsi yalnız humanitar məsələ deyil, həm də yaşıl, dayanıqlı və iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir: “Mina təmizlənməsi investisiya üçün sadəcə ilkin şərt deyil, o, sülh və rifahın özüdür”.
Firuzə Əliyeva
Sfera.az