BMT Baş katibinin müavini Əminə Məhəmməd Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində şəhərsalma və inklüziv inkişafla bağlı çağırışlar edib.
Sfera.az o bildirib ki, şəhərlərin transformasiyası üçün yerli və regional hakimiyyətlər də daxil olmaqla cəmiyyətin bütün üzvləri ilə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Onun sözlərinə görə, şəhərsalma prosesləri yaşayış təcrübələrinə əsaslanmalı və mənzil təminatı dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi qəbul edilməlidir. Əminə Məhəmməd vurğulayıb ki, şəhərlər hər kəs üçün işləməlidir, xüsusilə uşaqlar, qadınlar, gənclər, əlilliyi olan şəxslər, yaşlılar, miqrantlar, məcburi köçkünlər və qeyri-formal yaşayış məntəqələrində yaşayan insanlar üçün. O qeyd edib ki, qarşıdakı COP31, İkinci BMT Su Konfransı və Yeni Şəhər Gündəliyinin icmalı kimi mühüm beynəlxalq mərhələlər ərəfəsində yerli səviyyədə iqlimə uyğunlaşma və dayanıqlı inkişaf prioritet olmalıdır.
BMT rəsmisinin sözlərinə görə, Yeni Şəhər Gündəliyinin qəbulundan sonra müəyyən irəliləyişlər əldə olunsa da, hələ də çoxlu yarımçıq qalan məsələlər mövcuddur. Əminə Məhəmməd əlavə edib ki, WUF13-də nümayiş etdirilən enerji, tərəfdaşlıq və həll yolları ümidvericidir və Bakının “fəaliyyət çağırışı” dayanıqlı şəhərləşmənin etimadın bərpası, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) sürətləndirilməsi və çoxtərəfli əməkdaşlığın yenilənməsi üçün güclü yol olduğunu göstərir.
O, sonda bildirib ki, forumdan sonra məqsəd inklüziv, dayanıqlı və insan ləyaqətinə əsaslanan şəhər və icmaların qurulmasıdır:
“Dünyanı mənzillə təmin etmək və hər bir insana ləyaqətli həyat vermək vaxtıdır".
Firuzə Əliyeva
Sfera.az