BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dair çıxışında tədbirin əhəmiyyətini vurğulayıb.
Sfera.az xəbər verir ki, o, çıxışında son bir həftə ərzində dünya liderləri, siyasətçilər, şəhərsalma üzrə mütəxəssislər və müxtəlif tərəfdaşların Bakı Olimpiya Stadionunda bir araya gələrək dövrümüzün ən mühüm çağırışlarından birini müzakirə etdiklərini bildirib.
Onun sözlərinə görə, əsas müzakirə mövzusu dünyada təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və yaşayış mühitinin necə təmin olunması olub. Forumun builki mövzusu isə “Dünyanı mənzil ilə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” kimi müəyyən edilib.
Katerina Bezqaçina qeyd edib ki, hazırda qlobal mənzil böhranı daha da dərinləşir və bunun əsas səbəbləri iqlim dəyişikliyi, münaqişələr və artan bərabərsizlikdir. O, builki forumun indiyədək ən genişmiqyaslı tədbir olduğunu da vurğulayıb. Çıxışda həmçinin Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq platformanın əhəmiyyəti xüsusi qeyd olunub və tədbirdə müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli qonaqların iştirak etdiyi bildirilib.
Daha sonra tədbirin rəsmi açılışında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Baş katibinin müavini Amina Məhəmməd, BMT-Habitat-ın icraçı direktoru Anna-Klodiya Rossbaç və növbəti ev sahibi kimi Mexiko şəhərinin nümayəndəsi Maria Viktoriya Romero Kabalyero çıxış ediblər.
Firuzə Əliyeva
Sfera.az