Oksford Universitetinin alimləri insanlığın təxminən 90 faizinin sağ əlliyini üstün tutmasının təkamül səbəbini açıqlayıblar.


 


Tədqiqatçılar bu meyli insanların iki ayaqlı hərəkət etməsinə bağlayırlar.


 


Sfera.az xəbər verir ki, “PLOS Biology” jurnalında dərc olunan araşdırma insan təkamülündə iki əsas dönüş nöqtəsinin əhəmiyyətini ortaya qoyub. Tədqiqat qrupu 41 müxtəlif meymun və qorilla növünü əhatə edən 2025 fərdi analiz edib. Təhlillərdə qabaqcıl Bayes modellərindən istifadə olunub və nəticələr göstərib ki, beyin ölçüsü və ətraf nisbəti əl seçimində mühüm rol oynayır.


 


İki ayaqlılıq əlləri hərəkət yükündən azad edərək obyektləri daha rahat manipulyasiya etməyə imkan verib. Sonrakı dövrlərdə isə insan beyni böyüyüb mürəkkəbləşdikcə, populyasiyada sağ əllilik dominant vəziyyətə gəlib.


 


Ardipithecus və Australopithecus kimi erkən insan əcdadlarında sağ əl üstünlüyü zəif olsa da, Homo cinsinin meydana çıxması ilə bu meyl güclənib. Homo erectus və Neandertallarda sağ əllilik zamanla daha aydın şəkildə formalaşıb və müasir Homo sapiens dövründə maksimum səviyyəyə çatıb. Alimlər hazırda sol əlliliyin təkamül boyunca niyə davam etdiyini və bunun mədəni təsirlərini öyrənməyə davam edirlər.


 


Mənsumə


Sfera.az