BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekununda çıxış edib.
Sfera.az xəbər verir ki, o, çıxışında builki forumu “fövqəladə bir həftə” kimi xarakterizə edərək iştirakçılara təşəkkürünü və gələcəyə dair ümidlərini ifadə edib. Onun sözlərinə görə, WUF13-də 176 ölkədən 57 min nəfər qeydiyyatdan keçib, onlardan 3 mini onlayn formatda qatılıb. Rossbax əlavə edib ki, iştirakçıların 55 faizi qadın və qızlardan ibarət olub ki, bu da inklüziv şəhərsalma gündəliyinin göstəricisidir.
O bildirib ki, forum çərçivəsində 11 dövlət və hökumət başçısı, 88 nazir, 76 nazir müavini və 130 mer iştirak edib, 579 sessiya keçirilib və Urban Expo-ya 74 mindən çox ziyarətçi gəlib. BMT-Habitat rəhbəri vurğulayıb ki, forumun əsas mesajı mənzil məsələsinin artıq təkcə sektor problemi deyil, sosial bərabərsizlik, sabitlik, dayanıqlılıq və sülhlə birbaşa bağlı sistemli qlobal çağırış olmasıdır.
Onun sözlərinə görə, adekvat mənzil insan hüququdur və şəhər siyasətlərinin mərkəzində dayanmalıdır. Anaklaudia Rossbax qeyd edib ki, “Bakı Çağırışı” forumun əsas nəticəsi kimi gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır və Dayanıqlı İnkişaf Məqsədləri, Yeni Şəhər Gündəliyi, COP və Gələcəyin Sammiti ilə əlaqələndirilir. O həmçinin rəsmi şəkildə elan edib ki, XIV Ümumdünya Şəhərsalma Forumu (WUF14) 2028-ci ildə Meksikanın Mexiko şəhərində keçiriləcək. Rossbax çıxışının sonunda Azərbaycan hökumətinə, Bakı şəhərinə, təşkilatçılara, könüllülərə və bütün iştirakçılara təşəkkür edib və “ortaq baxışı real fəaliyyətə çevirməyə çağırıb”.
Firuzə Əliyeva
Sfera.az