Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində BMT Baş katibinin müavini Əminə Məhəmməd çıxış edib.
Sfera.az xəbər verir ki, o, çıxışında urbanizasiya, iqlim dəyişikliyi, mənzil böhranı və dayanıqlı inkişaf məsələlərinin bu gün qlobal gündəliyin əsas prioritetlərindən biri olduğunu bildirib. Əminə Məhəmməd qeyd edib ki, şəhərlər artıq sadəcə yaşayış məkanları deyil, eyni zamanda iqlim böhranı, sosial bərabərsizlik və iqtisadi transformasiyanın mərkəzinə çevrilib.
Onun sözlərinə görə, dünyada artan urbanizasiya təzyiqləri və iqlim dəyişikliyinin yaratdığı fəsadlar daha dayanıqlı və çevik şəhər planlamasını zəruri edir. BMT rəsmisi vurğulayıb ki, qlobal mənzil böhranı milyonlarla insanın həyatına təsir edir və bu problem sosial ədalətsizlik, münaqişələr, iqlim dəyişiklikləri və iqtisadi qeyri-sabitliklə daha da dərinləşir.
“2030 Dayanıqlı İnkişaf Gündəliyinə nail olmağın heç bir yolu dayanıqlı urbanizasiya və mənzil təminatı olmadan mümkün deyil”, – deyə Əminə Məhəmməd bildirib. O əlavə edib ki, mənzil məsələsi təkcə yaşayış yeri ilə bağlı deyil, həm də su və sanitariya, enerji təminatı, təhlükəsizlik, səhiyyə, təhsil, gender bərabərliyi, yoxsulluğun azaldılması və sosial inklüzivliklə birbaşa bağlıdır.
Əminə Məhəmməd çıxışında yerli və regional hökumətlərin roluna da toxunaraq bildirib ki, iqlim böhranı, təbii fəlakətlər və sosial çağırışlar fonunda məhz yerli idarəetmə strukturları insanların həyatının qorunmasında, infrastrukturun saxlanılmasında və cəmiyyətlə institutlar arasında etimadın bərpasında əsas rol oynayır.
Sonda BMT Baş katibinin müavini WUF13 çərçivəsində əldə olunan təcrübə və əməkdaşlıq platformasının davam etdirilməsinin vacibliyini vurğulayaraq, dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin qurulması üçün birgə fəaliyyətə çağırış edib.
Firuzə Əliyeva
Sfera.az