Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) iştirakçılar tərəfindən yüksək qiymətləndirilməyə davam edir.
Forumda iştirak edən italiyalı "Foster + Partners" şirkətinin Londondakı Baş Ətraf Mühit Qrupu koordinatoru Anastasia Joppe Sfera.az-a özəl açıqlamasında tədbirlə bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, bu, onun bu formatda qatıldığı ilk forumdur və təcrübəsi olduqca müsbətdir:
“Forumdan həqiqətən zövq alıram. Bu, mənim belə bir tədbirdə ilk iştirakımdır və müqayisə etmək üçün çox təcrübəm olmasa da, ilk təəssüratlarım çox müsbətdir”.
Anastasia Joppe forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, xüsusilə Urban Expo sərgisinin diqqətçəkən olduğunu qeyd edib:
“Təşkilatçılıq məni çox təsirləndirdi. Urban Expo xüsusilə maraqlıdır. Forumun Bakıda keçirilməsindən də çox məmnunam. Bura möhtəşəm şəhərdir”.
"Foster + Partners" rəsmisi Bakıya ikinci dəfə gəldiyini deyərək şəhərlə bağlı müsbət fikirlərini də bölüşüb:
“Bu, mənim Bakıya ikinci səfərimdir. Burada olmaqdan həqiqətən zövq alıram. İnsanlar çox qonaqpərvərdir, yeməklər möhtəşəmdir və şəhərin özü çox gözəl görünür”.
WUF13-ün əsas məqsədlərinə çatıb-çatmadığı ilə bağlı suala cavabında isə o bildirib ki, yekun nəticələri qiymətləndirmək üçün hələ tezdir:
“Düşünürəm ki, qəti qiymətləndirmə aparmaq üçün bir qədər tezdir. Belə forumlar əsasən vacib müzakirələrin başlanması və inkişaf etdirilməsi üçün platformadır”.
Onun sözlərinə görə, tədbirin ən mühüm nəticələrindən biri artıq dialoq, fikir mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaratmasıdır:
“Hazırda konkret nəticələri göstərmək çətin olsa da, artıq aydındır ki, forum dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq üçün dəyərli platforma yaradıb. Əminəm ki, burada qurulan əlaqələr və aparılan müzakirələr forumdan sonra da davam edəcək və gələcəkdə əhəmiyyətli nəticələr ortaya çıxacaq”.
Firuzə Əliyeva
Sfera.az