ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə gərginlik pik həddə çatıb. Pakistanın paytaxtı İslamabadda tərəflər arasında keçirilən atəşkəs danışıqlarının uğursuzluqla nəticələnməsi regionda alovu daha da körükləyib.




Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən rəsmi Tehranın ünvanına kəskin ittihamlar səsləndirib.




Tehran rəhbərliyinin Omanla əlaqə saxlayaraq Hürmüz boğazından keçən kommersiya gəmilərini vergiyə cəlb etmək (pullu keçid tətbiq etmək) hazırlığında olmasına münasibət bildirən Tramp, status-kvonun dəyişməsinə imkan verməyəcəklərini deyib:




"Bu məsələni yaxından araşdırırıq və proseslərdən xəbərdarıq. Orada pullu keçid sistemini qəbul etmirik; çünki Hürmüz beynəlxalq su yoludur. Nələrin baş verəcəyini hamımız görəcəyik".




İranı hərbi cəhətdən məğlub etdiklərini iddia edən Tramp, Tehranın nüvə silahına sahib olmasına heç bir halda icazə verməyəcəklərini bir daha vurğulayıb. İran limanlarına tətbiq edilən dəniz blokadasının olduqca effektiv nəticə verdiyini deyən ABŞ lideri rəsmi Tehrana meydan oxuyub:




 "ABŞ donanması bölgədə tapşırıqları uğurla icra edir. Hazırda Amerika qüvvələrinin icazəsi və təsdiqi olmadan heç bir gəmi İran limanlarına daxil ola və ya oradan çıxa bilməz".




Yüksək dərəcədə zənginləşdirilmiş uranın taleyi ilə bağlı sualı cavablandıran Tramp, bu materialın ABŞ-yə təhvil veriləcəyini bildirib. O, Vaşinqtonun bu urana ehtiyacı olmadığını və böyük ehtimalla onun məhv ediləcəyini qeyd edərək, materialın İranın əlində qalmasına qətiyyən yol verməyəcəklərini diqqətə çatdırıb.




Bəsti Rəfizadə

Sfera.az