Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində BMT-nin İnsan Məskənləri Proqramının (BMT-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış edib.


 


Sfera.az xəbər verir ki, Rossbax forumun mənzil siyasəti, dayanıqlı urbanizasiya və qlobal əməkdaşlıq baxımından mühüm mesajlarla yadda qaldığını bildirib. Onun sözlərinə görə, WUF13 Bakıda rekord sayda iştirakçını bir araya gətirib. O qeyd edib ki, forumda 176 ölkədən 57 min nəfər iştirak edib, onlardan 3 mindən çoxu isə tədbirə onlayn qoşulub. Anaklaudia Rossbax vurğulayıb ki, dünya mənzil təminatı sahəsində həlledici mərhələyə qədəm qoyub və artıq fəaliyyətsizliyə yer yoxdur. “Dünya kənar və formal vədlərdən sistemli transformasiyaya keçməlidir”,– deyə o bildirib.


 


BMT-Habitat rəhbəri qeyd edib ki, dünyada mənzil sistemləri sosial bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köçkünlük və iqlim böhranının təsirləri səbəbindən ciddi təzyiq altındadır. Onun sözlərinə görə, mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda uğursuz olur və milyardlarla insan qeyri-adekvat, təhlükəli və əlçatmaz yaşayış şəraitində yaşamağa məcbur qalır. Rossbax bildirib ki, forum çərçivəsində dövlət və hökumət başçıları, nazirlər, merlər, yerli və regional hökumətlər, vətəndaş cəmiyyəti institutları, özəl sektor nümayəndələri və icmalar bir vacib həqiqət ətrafında birləşib: mənzil yalnız kommersiya obyekti deyil, həm də fundamental insan hüququdur.


 


O vurğulayıb ki, mənzil ləyaqətin, inklüzivliyin, imkanların və iqlim dayanıqlılığının əsasını təşkil edir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm vasitələrdən biridir. Anaklaudia Rossbax çıxışında gələcək fəaliyyət istiqamətlərini də açıqlayıb. O bildirib ki, mənzil yenidən ictimai məsuliyyət kimi qəbul edilməli, şəhər və icmalar gücləndirilməli, məcburi köçürmələr dayandırılmalı, mənzil maliyyələşdirilməsi transformasiya olunmalı və qərarvermə prosesləri etibarlı məlumat bazasına əsaslanmalıdır.


 


BMT-Habitat-ın icraçı direktoru əlavə edib ki, Bakıda verilən mesaj aydındır – qarşıdakı onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçülə bilən real nəticələrlə xarakterizə olunmalıdır. Rossbax çıxışında Azərbaycanın forumun təşkilindəki rolunu da xüsusi qeyd edib. O, Azərbaycan hökumətinə, xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Xarici İşlər Nazirliyinə tədbirə ev sahibliyinə görə təşəkkürünü bildirib.


 


“Azərbaycan dayanıqlılıq, baxış və fövqəladə öhdəlik nümayiş etdirdi. Siz dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını göstərdiniz”,– Anaklaudia Rossbax bildirib.


 


Firuzə Əliyeva


Sfera.az