Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun nəticələri və əhəmiyyəti ilə bağlı məlumat verib.


 


Sfera.az xəbər verir ki, Anar Quliyev forumun əsas dəyərinin kollektiv əməkdaşlıq, inklüziv iştirakçılıq və ortaq məqsəd ruhu olduğunu bildirib. Onun sözlərinə görə, forumun uğurunun arxasında iştirakçıların birlik və əməkdaşlıq ruhu dayanıb.


 


“Bu forumun əsl mənasını formalaşdıran məhz sizin kollektiv ruhunuz oldu. İnklüzivliyi real həyata çevirdiniz, dialoqu isə ortaq fəaliyyətə transformasiya etməyi bacardınız”, – deyə o vurğulayıb.


 


O, BMT Baş katibinin müavini Əminə Məhəmmədə bugünkü proqramın uğurla həyata keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.


 


Komitə sədri həmçinin Dünya Bankının proqram koordinatoruna forumun hazırlanması və həyata keçirilməsi dövründə göstərdiyi liderlik, sədaqət və tərəfdaşlığa görə təşəkkür edib.

 


 


Anar Quliyev qeyd edib ki, “Məqsədlər üçün mənzil: daha təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən WUF13 şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal dialoq, tərəfdaşlıq və birgə düşüncə platformasına çevrilib.


 


Komitə sədri bildirib ki, forum mənzil məsələsini qlobal şəhər gündəliyinin əsas mövzularından birinə çıxarıb və adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzil təminatının dövrün ən mühüm çağırışlarından biri olduğunu bir daha göstərib. Onun sözlərinə görə, forum boyunca aparılan müzakirələr mənzilin yalnız əsas insan ehtiyacı olmadığını, eyni zamanda ləyaqət, sosial inklüzivlik, iqtisadi imkanlar, dayanıqlılıq və davamlı inkişafın təməli olduğunu ortaya qoyub.


 


Anar Quliyev vurğulayıb ki, WUF13 qlobal mənzil böhranının həlli üçün effektiv çoxtərəfli əməkdaşlıq, güclü tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə və koordinasiyalı beynəlxalq fəaliyyətin vacibliyini bir daha nümayiş etdirib. O qeyd edib ki, forum təkcə miqyası ilə deyil, həm də innovativ formatı, inklüziv iştirakçılığı və verilən güclü mesajlarla yadda qalacaq.


 


Anar Quliyev çıxışında dövlət və hökumət başçılarının ilk dəfə keçirilən Liderlər Sammitini forumun əsas hadisələrindən biri kimi dəyərləndirib. O bildirib ki, 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin və qlobal tərəfdaşların iştirakı tədbirin əhəmiyyətini daha da artırıb. Komitə sədri əlavə edib ki, forum çərçivəsində 176 ölkədən 44 mindən çox iştirakçı bir araya gəlib və tədbirlər geniş beynəlxalq auditoriya tərəfindən canlı izlənilib.


 


Sonda Anar Quliyev forumun təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın dəstəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu liderlik və əməkdaşlıq sayəsində mənzil və dayanıqlı urbanizasiya sahəsində beynəlxalq dialoq üçün mühüm platforma formalaşıb.


 


Firuzə Əliyeva


Sfera.az