Müasir dövrdə qadın və kişilərin evlilikdən gözləntiləri əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişib.


 


Artıq bir çox insan üçün evlilik yalnız ailə qurmaq və ya sosial status deyil, həm də emosional rahatlıq, anlayış, şəxsi azadlıq və psixoloji uyğunluq məsələsinə çevrilib. Sosial şəbəkələrin təsiri, iqtisadi çətinliklər, fərdiləşmə və dəyişən həyat tərzi münasibətlərə baxışı da dəyişdirir.


 


Bəs qadın və kişilərin evliliklə bağlı gözləntiləri niyə dəyişib və bu dəyişiklik münasibətlərə necə təsir edir?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova müasir dövrdə qadın və kişilərin evliliklə bağlı gözləntilərinin əvvəlki illərlə müqayisədə xeyli artdığını deyib. Onun sözlərinə görə, bu gözləntilər isə çox zaman tərəflər arasında emosional gərginlik yaradır:


 



 


“İnsanlar bir-birini yaxından tanıdıqca, daxildə yığılan emosional incikliklər münasibətlərdə özünü daha açıq şəkildə göstərməyə başlayır. Xüsusilə nişan, xınayaxdı, qız toyu və yekunda keçirilən toy mərasimi kimi mərhələlər maddi məsuliyyətlə bağlı olduğundan, ilk anlaşılmazlıqlar da əksər hallarda məhz bu məsələlərdən başlayır. Təkcə gənclər arasında deyil, ailələr və valideynlər arasında da müəyyən çaxnaşmalar yaranır. Bu anlaşılmazlıqlar sonradan ailədaxili münasibətlərə daha ciddi təsir göstərir. Məsələn, övladın dünyaya gəlməsi ərəfəsində belə “Hansı həkimə gedəcəyik?”, “Doğuş necə olacaq?” kimi mövzularda münaqişələr başlayır. Bəzən insanlar qarşı tərəfə acıq vermək məqsədilə qərarlar qəbul edir, hətta öz sağlamlıqlarını belə ikinci plana atırlar. Bu isə insan psixologiyasında sağlam olmayan düşüncə tərzinin formalaşmasına səbəb olur. Kiməsə acıq vermək, kimisə geridə qoymaq istəyi zamanla şübhələrə, güvənsizliyə və xarakter problemlərinə gətirib çıxarır. Bu gün evliliklərdə diqqət çəkən əsas məqamlardan biri də insanların bir-biri ilə bəhsə girməsidir. Sosial müqayisələr münasibətlərə ciddi təsir edir. “Rəfiqəmə gələn xonça mənə gəlməyib”, “filankəsin toyu daha dəbdəbəli olub” kimi düşüncələr ailə daxilində narazılıq yaradır. Halbuki, bir nişan mərasimində qız evinin çəkdiyi xərc bəzən üzüyün qiyməti qədər olur. Buna baxmayaraq, insanlar çox zaman yalnız qarşı tərəfin məsuliyyətlərini ön plana çıxarırlar".


 


Psixoloq bu cür ağır maddi və emosional gözləntilərin gənclərin evliliyə marağını azaltdığını əlavə edib:


 


“Bir çox gənc evliliyi artıq böyük məsuliyyət kimi qəbul edir və müxtəlif bəhanələrlə bundan uzaq durmağa çalışır. Xüsusilə bəzi oğlanlar müəyyən yaşdan sonra evlənmək istəmədiklərini bildirir, bəzi qızlar isə ailədaxili təzyiqlərdən uzaqlaşmaq üçün evliliyi çıxış yolu hesab edirlər. Lakin düzgün təməl üzərində qurulmayan münasibətlər uzunömürlü olmur və nəticədə boşanmalarla yekunlaşır. Müasir şəhər həyatında sosial azadlıq istəyi də münasibətlərə təsir edən amillərdəndir. Gənclər daha sərbəst həyat tərzi istəyir, bu isə ailə daxilində yeni konfliktlər yaradır. Evə gec gəlmək, sosial həyatla bağlı məhdudiyyətlər və nəzarət münasibətlərdə emosional yorğunluğa səbəb olur. Belə vəziyyətdə evlilik bəzən həqiqi sevgi və anlayışdan çox, bir çıxış yolu kimi seçilir. Nəticədə isə tərəflər öz emosional gərginlikləri içində həm münasibəti, həm də şəxsi keyfiyyətlərini zədələmiş olurlar. Bütün bunları nəzərə alaraq, ən doğru yanaşma sadəliyə üstünlük verməkdir. İnsanlar bir-biri ilə yarışmaq əvəzinə, gələcəklərini düşünməli və sahib olduqları maddi imkanlardan daha səmərəli istifadə etməlidirlər. Çünki ailənin möhkəmliyi dəbdəbədə deyil, qarşılıqlı anlayış, hörmət və sağlam münasibətlərdədir”.


 


Fidan Hacızadə


Sfera.az