Slovakiyanın Baş naziri Robert Fiko Kiyevin sülhə doğru atdığı addımları Ukraynanın “Avropa İttifaqının assosiativ üzvü” statusunu alması üçün əsas şərt olduğunu deyib. Onun sözlərinə görə, indiki vəziyyətdə Ukraynanın Avropa İttifaqına üzvlüyü risk yaradır.
Amma Ukrayna üçün Avropa İttifaqının assosiativ üzvlük vacibdir.
Maraqlıdır, Ukrayna assosiativ üzvlük üçün sülhə gedərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Slovakiya Baş naziri Robert Fikonun Ukrayna və Aİ münasibətləri ilə bağlı səsləndirdiyi fikirləri tamamilə ittifaqın mövqeyi kimi qiymətləndirmək olmaz:
“Bunun bir sıra subyektiv səbəbləri mövcuddur. Ukrayna kontekstində Slovakiya və onun mövqeyini bölüşən bir sıra Avropa ölkəsi Rusiya ilə münasibətlərin daha da gərginləşdiriliməsində maraqlı deyil. Onların Kremllə ikitərəfli əlaqələri, xüsusilə, enerji sahəsində əməkdaşlıqları daha yumşaq ritorika sərgiləmələrinə rəvac verir”.
Siyasi şərhçi qeyd edib ki, hazırda Ukrayna üçün Assosiasiya sazişi kimi məsələlər o qədər də aktual deyil:
“Kiyevin əsas hədəfi tam hüquqlu üzvlükdür. Buna baxmayaraq Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi təkcə Rusiyayla hər hansı bir sülh müqaviləsinin imzalanması ilə tamamlanacaq proses deyil. Aydındır ki, Kiyev Moskvaya ərazi güzəştlərinin edilməsinə getməyəcək. Eyni zamanda Krım məsələsi də Ukrayna gündəmində strateji hədəf statusundadır. Yəni, Kiyevin Assosiativ üzv statusuna görə radikal güzəştlərə getməsi inandırıcı deyil”.
Niyaz Hacıyev
Sfera.az