Son illər, xüsusilə sosial şəbəkələrdə və gündəlik həyatın müxtəlif sahələrində bayağı mahnıların geniş yayılması musiqinin insan psixologiyasına təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dinlənilən musiqinin ritmi, sözləri və emosional yükü insanın ruh halına, davranışına və düşüncə tərzinə birbaşa təsir göstərə bilər.
Bəs görəsən, bayağı mahnılar insan psixologiyasına necə təsir edir? Keyfiyyətli və sakit musiqi ilə bayağı musiqinin psixoloji təsiri arasında hansı fərqlər var?
Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, insanın uzun müddət dinlədiyi musiqi onun düşüncə tərzinə, emosional vəziyyətinə və hətta davranışlarına görünmədən təsir edir:
“Bayağı musiqilər adətən bəsit və oxşar ritmlərdən ibarət olduğu üçün ani həzz hissi yaradır, beyin onları daha tez qəbul edir və yadda saxlayır. Bunun səbəblərindən biri həmin musiqilərin beyində dopamin sistemini sürətli şəkildə stimullaşdırmasıdır. Beyin mürəkkəb və dərin informasiyadansa, asan emal olunan və tez təkrarlanan səsləri daha rahat yadda saxlayır. Buna görə bəzi bayağı mahnılar istəmədən insanın beynində qalır”.
Psixoloqun fikrincə, bu cür musiqilər uzun müddətdə insanı davamlı yüksək stimul vəziyyətinə alışdırır:
“İnsan beyni sürətli ritm və ani emosional təsirə öyrəşdikcə sakitlik, dərinlik və emosional incəlik ona darıxdırıcı görünməyə başlayır. Bu isə diqqət dağınıqlığına, səbirsizliyə və emosional səthiliyə təsir edə bilir. Çünki insan yalnız nə düşündüyü ilə yox, nəyi davamlı dinlədiyi ilə də formalaşır. Keyfiyyətli və sakit musiqidə isə fərqli təsir müşahidə olunur. Belə musiqilər beyində diqqət, yaddaş və emosional tənzimləmə ilə bağlı sahələri daha balanslı şəkildə aktivləşdirir. Klassik və instrumental musiqinin bəzi hallarda stress hormonlarını azaltmağa, daxili sakitlik yaratmağa və düşüncə dərinliyini artırmağa təsiri olduğu da deyilir. İnsan öz üzərində də test etsə, bunu asanlıqla müşahidə edib fərqində ola bilər. Məncə, melodiyanın harmoniyası insanın daxili ritminə də təsir edir. Bəlkə də buna görə insan bəzi musiqiləri sadəcə eşitmir, onları daxilində hiss edir. Ona görə "musiqi insan ruhunun qidasıdır" deyirlər. İnsan ruhu davamlı olaraq nə ilə qidalanırsa, zamanla ona bənzəməyə başlayır. Buna görə musiqi sadəcə əyləncə deyil, insanın psixologiyasına, emosional dünyasına və hətta düşüncə formasına təsir edən görünməyən bir təsir vasitəsidir. Hətta düzgün seçilmiş musiqi insanın fiziki və emosional yorğunluğunu da sakitləşdirə bilir. Musiqinin insan həyatında rolu çox böyükdür, sadəcə bunu bilmək və yerində istifadə etmək kifayətdir. Məsələn, müəyyən tezlikdə melodiyalar var ki, insan yatmadan öncə və ya müəyyən zamanlarda dinləyib rahatlaya bilər. Məsələn, 528 Hz-i misal göstərə bilərəm”.
Niyaz Hacıyev
Sfera.az