Yay mövsümünün başlaması ilə Azərbaycanın turizm bölgələrinə axın artır.


 


Təbiəti, dağ mənzərələri, istirahət kompleksləri və villaları ilə seçilən rayonlar həm yerli, həm də xarici turistlərin əsas istirahət istiqamətlərindən birinə çevrilib. Bu isə qiymətlərə də birbaşa təsir göstərir.


 


Sfera.az-ın apardığı araşdırma göstərir ki, ölkədaxili istirahət qiymətləri bölgə və yerləşmə növündən asılı olaraq ciddi şəkildə fərqlənir. Xüsusilə son illərdə hotellərlə yanaşı bağ evləri, villalar və A-Frame tipli evlər turistlərin ən çox üstünlük verdiyi məkanlara çevrilib. Ölkənin ən məşhur turizm mərkəzlərindən biri olan Qəbələdə beşulduzlu hotellərdə qiymətlər kifayət qədər yüksəkdir.


 


“Qafqaz Riverside Hotel”də bir nəfər üçün bir gecəlik yerləşmə təxminən 340 manatdan başlayır. “Qafqaz Tufandag Mountain Resort”da isə bu rəqəm 380 manata çatır. Daha münasib seçim axtaranlar üçün dördulduzlu hotellər də mövcuddur. “Hill Chalet Hotel Gabala”da bir gecəlik qiymət 246 manat, “Gabala Bless Hotel Cottage”də isə 185 manat təşkil edir.


 


Qəbələdə turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdən biri bağ evləri və villalardır. Komfortlu istirahət üçün ailələrin üstünlük verdiyi “HG Villa Gabala”da bir gecəlik qiymət 1 nəfər üçün 480 manatdır. “HG Barn House Gabala”da isə qiymətlər 236 manatdan başlayır. “Qafqaz Twin A Frame” evlərində bir gecə qalmaq istəyənlər isə 630 manat ödəməlidirlər.


 


Daha sərfəli variantlardan biri olan “Villa Villish”də isə qiymət 178 manatdır. Şamaxı da son illər turist axınının artdığı bölgələr sırasındadır. Burada yerləşən “Shamakhi Palace Sharadil Hotel”də bir gecəlik qiymət təxminən 285 manat, “Basqal Resort & Spa”da 240 manat, “Shirvan Grand Hotel Shamakhi”də isə 293 manat təşkil edir.


 


Daha münasib qiymət axtaran turistlər “Forelle Restaurant & Hotel”də təxminən 90 manata gecələyə bilirlər. Bağ evləri və villalar seqmentində isə Şamaxı digər bölgələrlə müqayisədə daha əlverişli hesab olunur. Bölgədə kirayə evlərin qiymətləri əsasən 80-240 manat arasında dəyişir. Şimal bölgəsinə üz tutan turistlər üçün də seçim kifayət qədər çoxdur. Qubada “Macara Lake Park Resort”da bir gecəlik qiymət 230 manat, “Macara Village Resort”da 240 manatdır. Bölgənin ən məşhur hotellərindən olan “Quba Palace Hotel & Golf Resort”da isə qiymətlər 435 manata qədər yüksəlir. “Quba Harmoniya Hotel”də bir gecəlik qalmaq üçün təxminən 360 manat ödəmək lazımdır.


 


Bağ evləri seqmentində “Aden Luxury Villas Quba” ən bahalı variantlardan biridir və qiymətlər 700 manatdan başlayır. “House in Quba” kimi villalarda isə bir gecəlik qalmaq 280 manata başa gəlir. Son dövrlər populyarlıq qazanan A-Frame evlərində isə qiymətlər 134 manatdan başlayır. Qusar rayonunda yerləşən istirahət məkanlarında qiymətlər nisbətən aşağı olsa da, qış və yay mövsümündə Şahdağ ətrafındakı hotellərdə qiymətlər əhəmiyyətli dərəcədə yüksəkdir. Tarixi və təbiəti ilə seçilən Şəki bölgəsi də yay mövsümündə turistlərin ən çox üz tutduğu istiqamətlərdəndir. Burada yerləşən hotellərdə qiymətlər əsasən 120-300 manat arasında dəyişir. “Şəki Palace Hotel”, “Marxal Resort & Spa” və digər məşhur istirahət mərkəzləri həm yerli, həm də xarici turistlərin seçimləri sırasında yer alır. Cənub bölgəsinə səyahət etmək istəyənlər üçün Lənkəran da maraqlı seçimdir. “Lankaran Springs Wellness Resort”da bir nəfər üçün gecəlik qiymətlər təxminən 170 manatdan başlayır və otaq növündən asılı olaraq 420 manata qədər yüksəlir.


 


Sağlamlıq turizminin əsas ünvanlarından olan Naftalanda yerləşən “Chinar Hotel & Spa”da bir nəfər üçün gecəlik qiymətlər mövsümə görə təxminən 160-235 manat arasında dəyişir. Daha premium paketlərdə isə qiymətlər 300 manata yaxınlaşır. Hazırkı qiymətlər göstərir ki, Azərbaycanın turizm bölgələrində bir nəfərin bir gecəlik istirahəti ən ucuz hallarda 80-90 manata, lüks seçimlərdə isə 600-700 manata qədər başa gələ bilir. Beləliklə, istirahət büdcəsindən asılı olaraq həm iqtisadi, həm də premium seqmentdə kifayət qədər geniş seçim mövcuddur.


 


Bəsti Rəfizadə


Sfera.az