Bakıda gün ərzində müşahidə olunan qəfil hava dəyişikliyi və leysan xarakterli yağış taksi qiymətlərində ciddi artıma səbəb olub. Narın yağışdan sonra başlayan dolu və güclü leysan paytaxtda nəqliyyatın hərəkətini çətinləşdirib, nəticədə taksi xidmətlərində qiymətlər saniyələr içində kəskin artıb.




Sfera.az müqayisə etmək üçün “Bolt” tətbiqindəki qiymətləri araşdırıb.




Belə ki, Cəfər Cabbarlı küçəsindən Hövsan istiqamətinə adi vaxtlarda 15 manat olan taksi xidməti birdən-birə 46,5 manata yüksəlib. Bu isə qiymətin təxminən 3 dəfə artması deməkdir.




Digər marşrutda isə adi vaxtlarda maksimum 4 manata gedilən məsafə üçün sistem 12,9 manat tələb edib. Beləliklə, həmin istiqamətdə qiymət 3 dəfədən çox bahalaşıb.




Müşahidələr göstərir ki, yağış başlayan kimi taksi xidməti təklif edən tətbiqlərdə “dynamic pricing” sistemi aktivləşib. Yəni sürücülərə tələbat artdığı, küçələrdə sıxlıq yarandığı və sifariş sayı çoxaldığı üçün qiymətlər avtomatik şəkildə yüksəlib.




Xüsusilə axşam saatlarında şəhərin bir sıra küçələrində sıxlıq yaranıb, bəzi ərazilərdə isə avtomobillərin hərəkəti xeyli çətinləşib. Bu da taksi xidmətlərində həm gözləmə müddətini, həm də tarifləri artırıb.




Firuzə Əliyeva

Sfera.az