Çin bütün eyni düşüncəli ölkələrlə birlikdə qlobal təhlükəsizlik təşəbbüsünü həyata keçirməyə hazırdır.
Sfera.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Siyasi-Hüquqi Məsələlər Komissiyasının katibi Çen Vençin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşündə çıxışı zamanı bildirib.
Görüş Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən Birinci Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. Çen Vençin qeyd edib ki, dünya ölkələri ortaq taleyi və bəşəri tərəqqini bölüşür:
“Prezident Si Cinpinin irəli sürdüyü qlobal təhlükəsizlik təşəbbüsünü həyata keçirmək, sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı fayda naminə bəşəriyyət üçün ortaq tale icması qurmaq məqsədilə bütün eyni düşüncəli tərəfdaşlarla işləməyə hazırıq”.
O, həmçinin vurğulayıb ki, Çin digər ölkələrlə münasibətlərini qısamüddətli şəraitə deyil, uzunmüddətli maraqlara əsaslanaraq qurur və inkişaf etdirir.
“Çin həmişə məsuliyyətli və etibarlı dost olaraq qalır. Çin daim dünya sülhünün qurucusu olub və sülh təşəbbüslərinin inkişafı üçün fəal çalışıb”, - deyə o bildirib. Çen Vençinin sözlərinə görə, Çinin irəli sürdüyü “Sülh içində birgə yaşamağın beş prinsipi” beynəlxalq sənədlərə daxil edilib və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb.
O əlavə edib ki, Çin bundan sonra da dünya sülhünə daha böyük töhfə vermək üçün bütün ölkələrlə əməkdaşlığı davam etdirəcək.
Niyaz Hacıyev
Sfera.az