Eşli Morin adlı gənc qadın üçüncü hamiləliyi zamanı özünü bir dəfə də olsun yaxşı hiss etməyib. Əvvəldən oğlu Nolanı bətnində daşımaqda bir şey fərqli görünürdü. 


 


Sfera.az körpəsinə qoyulan diaqnoza inana bilməyən gənc ananın mübarizə əzmi və motivasiya hekayəsini təqdim edir. 

29 yaşlı qadın iki hamiləliyinin rahat və proqnozlaşdırıla bilən keçdiyini, lakin sonuncunun narahatedici və qeyri-adi olduğunu deyir. Doğuş iki həftə tez başlayanda isə hər şey daha da gərginləşib.


 


Nolan problemsis dünyaya gəlib, əvvəlcə hər şey normal görünürdü. Amma iki gün ərzində hər şey dəyişib.


 


Körpə yeməyə maraq göstərmirdi, qan şəkəri aşağı, bilirubin səviyyəsi yüksək idi və sarılıq hiss olunurdu.


 


"Ona bir şey ötürüb-ötürmədiyimi yoxlamaq üçün infeksiyalara görə məni test etdilər, amma nəticələr mənfi oldu"- deyə Morib bildirib.


 


Nolan iki gün sonra xəstəxanadan evə buraxılsa da, anası yenə də bir şeyin səhv olduğunu hiss edirdi.


 


Ertəsi gün körpədə epileptik tutma olub, ana, əvvəllər heç vaxt belə bir şey görmədiyi üçün o vaxt bunu hiss etməyib. Körpənin bədəni keyimiş, "dəli kimi" qışqırır, üzü qızarmı və bədəni az qala C formasında əyilmişdi.


 


Nolan halsız qalıb, sızıldayır və qidalanma üçün oyandırılmalı olurdu, bu da Morini həkimə müraciət etməyə vadar edib.


 


Həkimlər qan analizləri verərkən Nolanda yenidən tutma baş verdi və nəfəs almaq dayandı.


 


"Həkimlər bunun ciddi olduğunu anladılar, ona görə də onu vertolyotla əsas xəstəxanaya apardılar. Çox qorxulu idi".


 


Nolan reanimasiyaya yerləşdirilib və iki gün huşsuz qalıb.


 


Nolan bir həftəlik olanda aparılan beyin müayinəsi çoxsaylı abseslər və əhəmiyyətli zədələr aşkar etdi. Həkimlər Morin və həyat yoldaşına Nolanın oyansa, həyatı son dərəcə məhdud olacağını bildiriblər.


 


Cütlüyə müalicəni dayandırmağı düşünmək tövsiyə edildi, çünki onun danışması və ya yeriməsi ehtimalı az idi.


 


"Onu buraxmağın heç vaxt doğru olduğunu düşünməmişdim. Cəmi bir həftə əvvəl doğulmuşdu".


 


İlk vaxtlar həkimlər onun nadir bir bakteriya növünə yoluxduğuna inanırdılar və əvvəllər heç vaxt belə beyin zədələnməsi görmədiklərini bildirirdilər. Daha sonra bunun bakterial meningit olduğu təsdiqlənib.


 


Səkkiz günlük olanda Nolan gözlərini açıb. Həmin andan etibarən anası müalicəni dayandırmaqdan imtina edib.


 


Oğlan yavaş-yavaş nəfəs almağa və öz-özünə yeməyə başlayıb. İnfeksiya nəzarət altına alındıqdan sonra, 2023-cü ilin iyul ayında hələ də zəif vəziyyətdə xəstəxanadan evə buraxılıb. Bir neçə həftə sonra, ailə fotosessiyası zamanı atası Nolanın başının daha böyük göründüyünü və gözlərinin qəribə hərəkət etdiyini müşahidə edib.


 


23 avqustda həkimlər onun beynində şişkinlik olduğunu təsdiqlədilər. O, xəstəxanada daha üç həftə keçirdi və 3 aylıq olanda ona şunt, yəni bədənin bir hissəsindən digərinə maye və ya qan axıdan cərrahi yolla daxil edilmiş boru yerləşdiriblər. 


 


Nolana sonradan epilepsiya diaqnozu qoyulub, lakin dərmanlar onun tutmalarını nəzarətdə saxlamağa kömək edib.


 


İyunda onun üçüncü doğum günü yaxınlaşır. Nolan gəzir, ünsiyyət qurur, yeyir, gülür və futbolu sevir.


 


"Onun həyatı mənim üçün bir möcüzədir. Həkimlərin sizə pis proqnoz verdikləri zaman belə, həmişə doğru olmadığını göstərmək üçün onun hekayəsini digər valideynlərə göstərmək istədim"- deyə Morin bildirir.