Rumıniyanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipayevi Qalati şəhərində baş verən dron hadisəsindən sonra Buxarestin görəcəyi diplomatik tədbirlər barədə məlumatlandırmaq üçün çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Rumıniyanın yüksək vəzifəli diplomatı Oana Toiu TVR Info telekanalına bildirib.
Daha əvvəl Rumıniya Müdafiə Nazirliyi Qalati şəhərindəki çoxmənzilli binanın damına pilotsuz təyyarənin düşdüyünü bildirmişdi. Buxarest hadisəyə görə Rusiyanı günahlandırmışdı.
"Bu, misli görünməmiş dərəcədə ciddi bir hadisədir. Bu günortadan sonra Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdım. O, Rumıniyanın hadisəyə cavab olaraq diplomatik səviyyədə görəcəyi tədbirlər barədə məlumatlandırılacaq",-Toiu bildirib.
Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Toiu Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasla telefon danışığı apararaq hadisə ilə bağlı məlumat verib və ona "Rumıniya və onun avropalı tərəfdaşları Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqini sürətləndirəcəkləri" barədə əminlik verilib.
Firuzə Əliyeva
Sfera.az