ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mayın 29-da İsrail və Livan hərbi nümayəndə heyətlərinin Vaşinqtonda regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Pentaqonun yaydığı yazılı bəyanatda bildirilib ki, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi iki ölkə arasında davam edən danışıqların dəstəklənməsi məqsədilə İsrail və Livan hərbi nümayəndə heyətlərini qəbul edib. Sənəddə qeyd olunub ki, tərəflər regionda təhlükəsizliyin təmin olunması üçün praktik mexanizmlərin yaradılmasına yönəlmiş məhsuldar hərbi səviyyəli müzakirələr aparıblar.
Bildirilib ki, bu görüşlərin nəticələri gələn həftə bərpa olunması planlaşdırılan və ABŞ Dövlət Departamentinin rəhbərlik etdiyi siyasi danışıqlar prosesinə birbaşa təsir göstərəcək. Bəyanatda vurğulanıb ki, Pentaqon həm İsrail, həm də Livan ordusu ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir. ABŞ-nin Livanın suverenliyini, ərazi bütövlüyünü və ölkənin silahlı qeyri-dövlət qruplarının təsirindən azad olmasını dəstəklədiyi qeyd edilib. Həmçinin bu formatda hərbi təmasların yaxın vaxtlarda davam etdiriləcəyi gözləntiləri ifadə olunub.
Xatırladaq ki, mayın 25-də Livan Prezidenti Cozef Aun ABŞ-nin himayəsi altında İsraillə danışıqlara başlamaq qərarının təslimçilik və ya alçaldıcı güzəşt kimi qiymətləndirilməməli olduğunu bildirib. O qeyd edib ki, bu addım Livan dövlətinin öz suverenliyini müdafiə etmək hüququnun təsdiqidir. Prezident ölkənin cənub bölgələrinin azad olunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb və həmin ərazilərin yenidən İsrailin nəzarəti altında olduğunu iddia edib.
Niyaz Hacıyev
Sfera.az