ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsi zamanı heç bir sağlamlıq problemi aşkar edilməyib.


 


Sfera.az xəbər verir ki, Ağ Evin mayın 29-da yaydığı hesabata əsasən, Amerika liderinin dövlət başçısı vəzifəsini yerinə yetirmək üçün bütün tələblərə cavab verdiyi təsdiqlənib. Məlumata görə, Trampın müalicə həkimi Şon Barbarella bildirib ki, mayın 26-da Vaşinqton ətrafında yerləşən “Uolter Rid” Hərbi Tibb Mərkəzində aparılan müayinə prezidentin “əla idrak və fiziki sağlamlığa” malik olduğunu göstərib. Hesabatda qeyd olunur ki, Donald Tramp Baş Komandan və ABŞ Prezidenti kimi vəzifələrini yerinə yetirməyə tam hazırdır.


 


Sənəddə prezidentin ürək-damar, tənəffüs və sinir sistemlərinin normal fəaliyyət göstərdiyi, ümumi fiziki vəziyyətinin isə yaxşı olduğu vurğulanıb. Həkimin sözlərinə görə, Trampın yüksək səviyyəli görüşlər, ictimai çıxışlar və fiziki fəaliyyəti əhatə edən intensiv iş qrafiki onun sağlamlığının qorunmasına müsbət təsir göstərir. Donald Tramp mayın 26-da verdiyi açıqlamada da mütəxəssislərin heç bir sağlamlıq problemi aşkar etmədiyini bildirmişdi. Qeyd edək ki, bu, 79 yaşlı Amerika liderinin son 13 ay ərzində keçdiyi üçüncü tibbi müayinə olub.


 


Niyaz Hacıyev


Sfera.az