Ağ Ev ABŞ Prezidenti Donald Trampın son tibbi müayinəsinin nəticələrini açıqlayıb və həkimlər onun sağlamlıq vəziyyətini ümumilikdə “yaxşı” qiymətləndiriblər.
Sfera.az xəbər verir ki, Prezidentin şəxsi həkimi Şon Barbarella 79 yaşlı Trampın ürək, ağciyər və nevroloji funksiyalarının normal və stabil olduğunu bildirib. Onun sözlərinə görə, aparılan geniş müayinələr prezidentin vəzifələrini yerinə yetirməsinə heç bir maneə olmadığını göstərir.
Müayinə Walter Reed Milli Hərbi Tibb Mərkəzində həyata keçirilib. Son günlərdə Trampın ayaqlarında şişkinlik, əllərində göyərmələr və boyun nahiyəsində ləkələr barədə yayılan görüntülər diqqətçəkdiyi üçün bu yoxlama daha çox maraq doğurub.
Həkimlərin açıqlamasında qeyd olunub ki, Trampın ümumi fiziki vəziyyəti qənaətbəxşdir, nevroloji testlərdə də hər hansı ciddi problem aşkarlanmayıb. Ayaqlardakı yüngül şişkinliyin əvvəlki illə müqayisədə azaldığı bildirilib.
Əllərdəki göyərmələrin isə tez-tez əl sıxma və aşağı dozalı aspirin istifadəsi ilə bağlı yüngül toxuma qıcıqlanmasından qaynaqlandığı qeyd olunub.
Həkimlər onun sağlamlığını qorumaq üçün qidalanma rejiminə diqqət, fiziki aktivliyin artırılması və mövcud müalicənin davam etdirilməsini tövsiyə ediblər.
Mənsumə
Sfera.az