Özçəkim zamanı edilən sadə bir hərəkət, fərqində olmadan şəxsi biometrik məlumatların riskə düşməsinə səbəb ola bilər.


 


Sfera.az xəbər verir ki, uzun illərdir populyar mədəniyyətin bir hissəsinə çevrilən və “qələbə” və ya “sülh” simvolu kimi istifadə edilən işarə və orta barmağın “V” formasında göstərilməsi, xüsusilə selfie çəkilişlərində geniş yayılıb.


 


Lakin mütəxəssislər bu vərdişə qarşı diqqətli olmağı tövsiyə edir.


 


Güvenlik ekspertlərinə görə, inkişaf edən kamera texnologiyaları və süni intellekt əsaslı analiz proqramları sayəsində fotolarda görünən barmaq uclarından belə barmaq izi məlumatlarının əldə edilməsi mümkündür.


 


Xüsusilə yüksək keyfiyyətli və yaxın plan çəkilişlərdə istifadəçilərin fərqinə varmadan biometrik məlumatlarını internetdə açıq şəkildə paylaşa biləcəyi bildirilir.


 


Çinli təhlükəsizlik mütəxəssisi Li Chang televiziya proqramında etdiyi nümayişlə diqqət çəkib. O, məşhur bir şəxsin “V” işarəsi etdiyi selfie-ni analiz edərək barmaq izinin nə qədər aydın şəkildə görünə bildiyini göstərib.


 


Mütəxəssislərin sözlərinə görə, kameradan təxminən 1,5 metr məsafədən çəkilən fotolarda belə barmaq izi detallarını qismən çıxarmaq mümkündür. Hətta 3 metr məsafədən çəkilən görüntülərdə belə süni intellekt vasitəsilə bəzi izlərin analiz oluna bildiyi qeyd edilir.


 


Li Chang selfie paylaşmadan əvvəl barmaq uclarının bulanıqlaşdırılmasını və ya foto redaktə proqramları ilə həmin hissələrin gizlədilməsini tövsiyə edir.


 


Mənsumə

Sfera.az