ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini və Tehran rəhbərliyinin razılaşmaq istədiyini iddia edib.




Sfera.az xəbər verir ki, sosial media hesabı vasitəsilə mövcud vəziyyəti dəyərləndirən Tramp qeyd edib ki, İran yeni bir saziş imzalamaqda maraqlıdır və bu razılaşma həm ABŞ, həm də Vaşinqtonla müttəfiq olan ölkələr üçün faydalı olacaq.




Tramp paylaşımında rəsmi Tehranla diplomatik təmasların müsbət çərçivədə davam etdiyini vurğulayaraq, “İran həqiqətən də razılaşmaq istəyir” ifadəsini işlədib. O, sözügedən sənədin hər iki tərəf üçün "qazan-qazan" prinsipinə əsaslanacağını bildirərək prosesin əhəmiyyətinə diqqət çəkib.




ABŞ lideri, həmçinin Demokratlar və bəzi Respublikaçı dairələrin bu müzakirə prosesini mütəmadi olaraq tənqid etdiyini bildirib. Ondan gah prosesi sürətləndirməyin, gah da daha təmkinli davranmağın tələb olunduğunu deyən Tramp, bu növ şərhlərin işi çətinləşdirdiyini vurğulayıb.




Bütün tənqidlərə rəğmən, Tramp danışıqların sonda müsbət nəticələnəcəyinə inandığını ifadə edib.




Digər tərəfdən, Tramp ABŞ mediasında İranla bağlı hazırlanan saziş layihəsi barədə yayılan iddiaları təkzib edib. CNN telekanalının "sənəd layihəsində nüvə məsələsi yer almır" iddiasına qarşı çıxan Tramp, mətndə İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq açıq bəndlərin olduğunu diqqətə çatdırıb.




Bəsti Rəfizadə

Sfera.az