İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni atəşkəs razılaşmalarına əməl etməməkdə ittiham edib.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, Qalibaf sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-nin İrana qarşı davam edən dəniz blokadasının və İsrailin Livandakı hərbi əməliyyatlarının Vaşinqtonun atəşkəsə riayət etmək niyyətində olmadığını göstərdiyini bildirib.
“Soyqırım törədən sionist rejimin Livanda dəniz blokadası və müharibə cinayətlərinin artması ABŞ-nin atəşkəsə əməl etmədiyinin açıq sübutudur”, - deyə o qeyd edib.
İran parlamentinin sədri əlavə edib ki, ABŞ və İsrail öz qərarlarının nəticələri ilə üzləşəcəklər və hər şey öz yerini tapacaq.
Qeyd edək ki, iyunun 1-i səhər saatlarında ABŞ qüvvələri atəşkəs rejiminə baxmayaraq İran ərazisində bir sıra hədəflərə hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, hücumlar İranın radar sistemləri və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə yönəlib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumu həyata keçirdiyi hərbi bazaya zərbə endirdiyini açıqlayıb.
Tərəflər arasında qarşılıqlı ittihamlar və hərbi əməliyyatlar bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Fidan Hacızadə
Sfera.az