"Nvidia" şirkəti "Intel"in bazardakı üstünlüyünə son qoymaq və süni intellekt dövrünə uyğun kompüterlər hazırlamaq məqsədilə fərdi kompüter bazarına daxil olacaq. Şirkətin baş direktoru Jensen Huanq Taypeydə keçirilən Kompüter sərgisində bəyan edib ki, 2026-cı ilin payızından etibarən "Nvidia"nın yeni hazırladığı RTX Spark Superçipi "Dell" və "Lenovo" da daxil olmaqla aparıcı brendlərin noutbuk və masaüstü kompüterlərində istifadə olunacaq.
Sfera.az xəbər verir ki, Tayvanın "MediaTek" şirkətinin dəstəyi ilə ərsəyə gələn bu məhsul həm mikroprosessor, həm də qrafik çipinin birləşməsindən ibarətdir və birbaşa "Microsoft"un "Windows for Arm" əməliyyat sistemi üzərində çalışacaq.
"Nvidia" uzun illərdir "Microsoft" ilə birlikdə Arm texnologiyasının "Windows" dünyasında geniş yayılması və proqram təminatı dəstəyi üçün çalışır. "Microsoft" və "Qualcomm" bir ildən çoxdur oxşar kompüterləri birgə təqdim etsələr də, bu cəhdlərin təsiri hələ ki, məhdud olub.
"Apple"ın "Mac" seriyası istisna olmaqla, əksər kompüterlər "Intel" və ya "AMD" prosessorlarından istifadə edir. Arm arxitekturasının rəqibləri üzərində üstünlüyü yaxşı enerji səmərəliliyində olsa da, proqram uyğunluğunda geridə qalırdı. Yeni "Nvidia" çipli cihazlar gündəlik proqramların süni intellekt funksiyalarını daha mükəmməl idarə edəcək.
Vasif
Sfera.az