ABŞ və İran arasında münasibətlərdə gərginlik davam etsə də, son aylarda tərəflər arasında baş verən hərbi insidentlər genişmiqyaslı müharibəyə çevrilməyib. Hörmüz boğazı ətrafında hərbi aktivliyin artması, raket və pilotsuz uçuş aparatları ilə bağlı əməliyyatlar, eləcə də regiondakı ABŞ hərbi obyektlərinə qarşı həyata keçirilən məhdud hücumlar iki ölkə arasında qarşıdurmanın tam səngimədiyini göstərir. Buna baxmayaraq, baş verən hadisələr əsasən lokal xarakter daşıyır və tərəflər bir-birinə məhdud miqyaslı cavab verməklə kifayətlənirlər.
Maraqlıdır, niyə belə toqquşmalar böyük qarşıdurmaya çevrilmir? Hər iki tərəf böyük müharibədən çəkinir?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun sözlərinə görə, hər iki tərəf üçün böyük müharibə onun maraqlarına uyğun deyil:
“Çünki həm Amerika Birləşmiş Ştatlarının yaranmasının 250 illiyi ilə bağlı tədbirlər, həm Donald Trampın öz yubiley tədbirləri, həm də enerji bazarındakı müəyyən dalğalanmalar böyük qarşıdurmadan yayınmaq üçün əsas amillərdir. Təbii ki, İran da böyük toqquşmada maraqlı deyil, baxmayaraq ki, aqressiv bəyanatlar verməkdə davam edir. Çünki belə bir genişmiqyaslı qarşıdurma İranın özü üçün də ciddi nəticələrə gətirib çıxara bilər. Bu baxımdan tərəflər hələlik məhdud zərbələrlə kifayətlənməkdə maraqlıdırlar”.
Ekspert hər bir halda riskin davam etdiyini də vurğulayıb:
“Amerika və İran arasında atəşkəs əldə olunduqdan sonra kiçik insidentlər baş verməkdədir. Biz bunun xüsusilə may ayında şahidi olduq. Belə ki, Amerika tərəfi Hörmüz boğazının ətrafında İranın PUA və raket mərkəzlərini, o cümlədən boğaza mina döşəyən patrul gəmilərini hədəf aldı. Bundan başqa, dünən növbəti dəfə İran ərazisində yenidən PUA idarəetmə mərkəzləri və raket obyektləri hədəfə alındı. İran isə buna cavab olaraq əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri, son günlərdə isə Küveyt ərazisindəki hədəflərə zərbələr endirib. Amma görünən odur ki, bu zərbələr məhdud miqyaslıdır və tərəflərdən heç biri genişmiqyaslı əməliyyatlarda maraqlı deyil. Çünki paralel olaraq diplomatik proses də davam edir və bir çox məsələlər üzrə razılaşmaların əldə olunmasına dair məlumatlar yayılmaqdadır. Dünən Donald Trampın növbəti açıqlaması da oldu. O bəyan etdi ki, İranla danışıqlar nəticə verməsə, o zaman prosesə müharibə naziri qarışmalı olacaq. Bu, növbəti təhdid kimi qiymətləndirilsə də, hesab olunur ki, yaxın dövr üçün genişmiqyaslı əməliyyatların baş verməsi tərəflərin maraqlarına uyğun deyil. Baxmayaraq ki, bununla bağlı müəyyən risklər qalmaqdadır”.
Bəsti Rəfizadə
Sfera.az