Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və yağan dolu turizm sektoruna da təsirsiz ötüşmür. Havaların anidən dəyişməsi və rayonlarda yağıntıların daha intensiv olması səbəbindən bir çox vətəndaş rayonlara üz tutmağa ehtiyat edərək səfərlərini təxirə salır. Bu da öz növbəsində turist axınının azalmasına səbəb olur. 


 


Turizm üzrə ekspert Ceyhun Aşurov Sfera.az-a açıqlamasında bildirib ki, istirahət günlərində insanların regionlara səfərə marağı adətən artır. Lakin bu marağın reallaşmasında hava şəraiti mühüm rol oynayır.


 


Ekspertin sözlərinə görə, insanlar səfər planlaşdırarkən hava şəraitinin əlverişli olacağına ümid edirlər:


 


"İnsanlar istirahətlərini əsasən açıq havada, təbiət qoynunda keçirmək istəyirlər. Hava şəraiti əlverişsiz olduqda isə planlarını tam şəkildə həyata keçirə bilmirlər. Yağışlı, küləkli və ya dolulu hava bir çox şəxsi səfərdən çəkindirə bilər. Bu da regionlara turist axınının azalmasına səbəb olur".


 


C.Aşurov qeyd edib ki, hava şəraiti ilə yanaşı, qiymətlər də turist sayından asılı olaraq dəyişir:


 


"Burada tələb-təklif amili də öz təsirini göstərir. Hava şəraiti qeyri-sabit olduqda turistlərin sayı da az olur ki, bu zaman qiymətlərdə müəyyən enmə müşahidə oluna bilər. Əksinə, regionlara axın çox olduqda tələbat artır və qiymətlər də buna uyğun formalaşır".milli.az