Big Ben ilk dəfə 31 may 1859-cu ildə zəng çalıb və o vaxtdan bəri Londonun bu ikonik qülləsindəki saat cəmi bir neçə dəfə dayanıb. Bu zənglərdən biri də ulduzcuqlar tərəfindən çalınıb.
Sfera.az bildirir ki, Parlament Evləri və ümumiyyətlə Big Ben kimi tanınan Elizabet Qülləsi Londonun ən ikonik və dünyanın ən yaxşı 10 görməli yeri arasındadır. Texniki olaraq isə Big Ben, saat qülləsinin içərisindəki 13 tondan çox ağırlığında olan nəhəng zəngin adıdır.
Elizabet Qülləsinin niyə Big Ben adlandırılması məsələsinə gəldikdə, bəzi çaşqınlıqlar yaranır. Rəsmi olaraq qüllə Elizabet Qülləsi adlanır, lakin bu adı nisbətən yeni keçmişdə - 2012-ci ildə almışdır. Big Ben adı, xüsusən də qüllənin içərisində yerləşən böyük zəngə aiddir.
Bəs ad haradan gəlir və bu, hansı Big Bendir?
Müxtəlif nəzəriyyələr mövcuddur: bəziləri zəngin quraşdırıldığı zaman İctimai İşlər Komissarı Ser Benjamin Hollun adını daşıdığını iddia edirlər (ona bədən ölçüsü və gur səsinə görə "Big Ben" ləqəbi verilib). Başqa bir nəzəriyyə isə zəngin o vaxtkı dünya ağır çəkili boks çempionu Ben Kauntun adını daşıdığını iddia edir. Bu və ya digər şəkildə ləqəb qalıb və indi yalnız zəng deyil, həm də qüllə Big Ben adlanır.
Vestminster Sarayı 1834-cü ildə yanğın nəticəsində dağılıb. 1844-cü ildə Parlament üçün yeni binaların bir qüllə və bir saatdan ibarət olması qərara alınıb. Bunun üçün nəhəng bir zəng tələb olunurdu və ilk cəhd “John Warner & Sons” tərəfindən edilib. Təəssüf ki, ağır çəkic zərbəsi zəngin çatlamağına səbəb olub. Daha sonra metal əridildi və zəng 1858-ci ildə Whitechapeldə yenidən töküldü.
Big Ben Edmund Beckett Denison və Kral Astronomu Ser George Airy tərəfindən dizayn, Edward John Dent və Frederick Dent tərəfindən inşa edilmişdir. Zəng ilk dəfə 31 may 1859-cu ildə Vestminsterdə çalınıb. Qısa müddət sonra, 1859-cu ilin sentyabrında çatlayıb və zəng yenidən əridilərək, bu günə qədər orada qalan daha yüngül çəkiclə əvəz edilib.
Elizabet Qülləsi 96 metrdən çox hündürlüyə ucalır və zəng qülləsinə 334 pillə, ən yuxarıdakı Ayrton Mayakına isə 399 pillə aparır. Mütəxəssislərin fikrincə, hər Big Ben siferblatının diametri yeddi metr, dəqiqə əqrəblərinin uzunluğu isə 4,2 metrə çatır və təxminən 100 kq ağırlığındadır. Siferblatdakı rəqəmlər təxminən 60 santimetr uzunluğundadır və hər siferblatda 312 şüşə element var.
Maraqlıdır ki, Big Benin dəqiqliyi nəhəng bir sarkaça qoyulmuş sikkələr yığını ilə ciddi şəkildə tənzimlənir. Big Ben nadir hallarda dayanıb. İkinci Dünya Müharibəsi zamanı bomba İcmalar Palatasının otağını dağıtdıqdan sonra belə, saat qülləsi toxunulmaz qalıb və Big Ben saatları çalmağa davam edib.
Big Ben və Sui-qəsd Nəzəriyyələri
Big Ben bir çox sirr və nəzəriyyələrlə örtülmüşdür, bəziləri olduqca inanılmaz görünür. Ən geniş yayılmış sui-qəsd nəzəriyyəsi iddia edir ki, ikonik London abidəsi əslində Britaniya müstəmləkə qoşunları tərəfindən Fələstindən oğurlanıb. Lakin, alimlərin fikrincə, bu nəzəriyyə əsassızdır: zəng 1858-ci ildə İngiltərənin Stokton-on-Tis şəhərində tökülüb.
Başqa bir sui-qəsd əfsanəsində zəngin boğuq səsindən bəhs olunur. Bu, istifadəyə verildikdən cəmi iki ay sonra zəngin orijinal çəkic çox ağır olduğu üçün çatlaması ilə əlaqədardır. Mühəndislərin zəngi bir az fırladaraq daha yüngül bir çəkic quraşdırdıqlarına və bu da zəngin özünəməxsus səsinə səbəb olduğuna inanılır.
Üçüncü bir sui-qəsd hekayəsi qüllənin əyilməsi ilə bağlıdır. Qüllənin şimal-qərbə bir az əyildiyi - ən yüksək nöqtəsində təxminən 0,5 metr olduğu bilinir. Ekspertlərin hesabatlarına görə, Big Ben zamanla qeyri-sabitləşə bilər - xoşbəxtlikdən, bu, ən azı min illər ərzində gözlənilmir. Lakin mütəxəssislər hələ də qüllənin əyilməsinin səbəbini bilmirlər. Bir nəzəriyyə göstərir ki, əyilmə qüllənin tikildiyi London gili ilə əlaqəlidir. Gil quruya bilər və bu da qüllənin hərəkət etməsinə səbəb ola bilər. Lakin bəziləri qüllənin əyilməsinin yeraltı tikintidən qaynaqlana biləcəyinə də inanırlar.
Elizabet Qülləsinin içərisində həbsxana var
Maraqlıdır ki, Elizabet Qülləsində 114 pilləkənlə əldə edilən həbsxana kameraları var. Tədqiqatçılar qeyd edirlər ki, həbsxana otağı davranış qaydalarını pozan Parlament üzvlərini saxlamaq üçün istifadə olunurdu, lakin 1880-ci ildən bəri istifadə edilmir. Məhz o zaman seçilmiş millət vəkili Çarlz Bredlau ateist olduğu üçün Müqəddəs Kitaba əsaslanaraq Kraliça Viktoriyaya sədaqət andı içməkdən imtina edib. Cəza olaraq o, gecəni həbsxana otağına salınıb.
Big Ben Dayananda
Tarix boyu Big Ben cəmi bir neçə dəfə dayanıb. Ən məşhur hadisə Marqaret Tetçerin dəfn mərasimi günü olub.
Başqa bir hadisə 1941-ci ildə bombardman zamanı təmir işləri aparan bir işçinin çəkic atması ilə baş verib. Nəticədə, işçi çəkici tapana qədər saat 21 saat dayanıb.
Ən maraqlı hekayə isə, bir sürü sığırçının dəqiqə əqrəbinə düşməsi olub. Bu saatı yavaşladıb və beş dəqiqəlik gecikməyə səbəb olub.
Aynil