Metro vaqonlarında yerləşdirilən “sərnişin-maşinist” rabitə düyməsi fövqəladə hallarda sərnişinlərin operativ şəkildə maşinistlə əlaqə saxlaması üçün nəzərdə tutulub. Lakin bəzi vətəndaşlar bu düymədən adi suallar verməyin və ya zəruri olmayan hallarda istifadə etməyin mümkün olub-olmadığını maraq edirlər.


 


Bəs metroda istənilən vaxt düyməni basaraq maşinistlə danışmaq olarmı və belə hallarda sərnişini hansı məsuliyyət gözləyir?


 


Sfera.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, “sərnişin-maşinist” rabitəsi yalnız zəruri hallarda istifadə edilməlidir.


 


Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, zərurət olmadan bu rabitə vasitəsindən istifadə edən şəxslər inzibati məsuliyyət daşıyırlar.


 


“Qanunvericiliyə görə, sərnişinin hər hansı fövqəladə vəziyyət, təhlükə və ya təxirəsalınmaz hal olmadığı halda maşinistlə əlaqə yaratması inzibati xəta hesab edilir. Bu əmələ görə şəxs 200 manat məbləğində cərimə olunur”, – deyə vəkil vurğulayıb.


 


Etibar Qarayev qeyd edib ki, rabitə düyməsi sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılıb və yalnız zəruri hallarda istifadə edilməlidir. Əks halda, əsassız müraciətlər qatarların hərəkətinə və metro xidmətinin normal fəaliyyətinə maneə yarada bilər.


 


Vəkil vətəndaşlara tövsiyə edib ki, “sərnişin-maşinist” rabitəsindən yalnız həqiqətən təhlükə yaradan və ya təcili müdaxilə tələb edən hallarda istifadə etsinlər. Bu həm təhlükəsizlik baxımından vacibdir, həm də inzibati məsuliyyətlə üzləşməməyə kömək edir.