ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla müharibə məsələsinə dair keçirilən telefon danışığı zamanı gərginlik yaşanıb. İddialara görə, Tramp Livana qarşı hücumları dayandırmağa razı olmayan Netanyahuya “Sən dəlisən” deyib.
Məlumata əsasən, Tramp söhbət zamanı Netanyahuya qarşı korrupsiya işi məsələsini də gündəmə gətirib və İsrail Baş nazirinə belə müraciət edib:
“Səni mən xilas edirəm. Hazırda hamı səndən nifrət edir, buna görə də hamı İsrailə nifrət edir”.
İki lider arasında aparılan telefon danışığı ilə bağlı məlumatların yayılmasından sonra İsrail və ABŞ-nin Livan məsələsində mövqeyinin fərqli olmasına dair iddialar ortaya atılıb.
Politoloq Abutalıb Səmədov bu iddiaları qəbul etmir.
O, Sfera.az-a açılamasında bildirib ki, Livana münasibətdə ABŞ və İsrailin mövqeyi fərqli deyil və xüsusilə də "Hizbullah"ın tərksilah olunması məsələsində bu özünün daha çox göstərir:
“Amerika Birləşmiş Ştatlarının İrana yönəltdiyi əsas tələblərdən biri də proksi qüvvələrə, ilk növbədə isə "Hizbullah"a dəstəyin dayandırılmasıdır. Lakin hazırkı şəraitdə İran açıq şəkildə tələb edir ki, Livanda əməliyyatlar dayandırılsın. Əks təqdirdə, sülh danışıqlarından çıxacağını bildirərək ABŞ-yə təzyiq göstərməyə çalışır. ABŞ isə açıq şəkildə bu müharibədən yorulduğunu nümayiş etdirir. Vaşinqtonun hərbi əməliyyatları davam etdirməklə İranı təslim olmağa məcbur edə biləcəyinə dair ciddi ümidlərinin olmadığı görünür. Məhz buna görə də ABŞ istənilən halda sülh sazişinin imzalanmasına çalışır”.
Politoloq Trampın əsas niyyətinin nə olduğunu da izah edib:
“Tramp eyni zamanda istəyir ki, əldə olunacaq razılaşma Amerika ictimaiyyətinə siyasi qələbə kimi təqdim edilə bilsin. Bu səbəbdən Livan məsələsində İrana müəyyən güzəştlərə getməyə həm Amerika Birləşmiş Ştatları, həm də onun prezidenti hazır görünür. Bununla belə, digər məsələlərdə güzəştə getməyəcəyini son günlərdə dəfələrlə nümayiş etdirib. Məhz buna görə Donald Trumpın Netanyahuya qarşı sərt ifadələr səsləndirdiyi və nəticədə onun Beyruta hücum planından imtina etdiyi bildirilir. Əgər sülh danışıqları nəticə verməsə və İran ABŞ-nin təklif etdiyi çərçivə memorandumunu imzalamasa, o zaman həm Amerika Birləşmiş Ştatları, həm də İsrail İrana qarşı hərbi əməliyyatları davam etdirəcək. Eyni zamanda İsrail Livanla bağlı planlarını daha qətiyyətlə həyata keçirməyə başlayacaq. Yəni ABŞ prezidenti ilə İsrailin baş naziri arasındakı fikir ayrılığı yalnız hazırda İranla aparılan sülh danışıqları ilə bağlıdır. Əgər bu danışıqlar uğursuz nəticələnsə, İsrailin Livandakı əməliyyatları davam etdiriləcək və Amerika Birləşmiş Ştatları da buna qarşı hər hansı etiraz bildirməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az