Tədris ilinin sonu yaxınlaşdıqca məktəblərdə “Son zəng”, əlifba bayramı və ibtidai siniflərin buraxılış mərasimləri ilə bağlı hazırlıqlar da sürətlənir. Bir zamanlar məktəblərdə sadə şəkildə qeyd olunan bu tədbirlər son illərdə getdikcə daha təmtəraqlı xarakter almağa başlayıb. Bahalı restoranlar, xüsusi bəzəklər, peşəkar foto və video çəkilişlər, şou proqramlar və müxtəlif hədiyyələr valideynlərin üzərinə xeyli əlavə xərc qoyur. Nəticədə uşaqlar üçün nəzərdə tutulan sevinc günü bəzi ailələr üçün maddi narahatlıq mənbəyinə çevrilir. Xüsusilə də qazancı məhdud olan valideynlər övladlarının sinif yoldaşlarından geri qalmaması üçün borca düşmək və ya büdcələrinin əsas hissəsini xərcləmək məcburiyyətində qalırlar. Bəs məktəb tədbirlərinin bu qədər dəbdəbəli keçirilməsi zəruridirmi, yoxsa bu artıq sosial yarışa çevrilib?


Məsələ ilə bağlı “Yeni Sabah”a danışan sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib ki, məktəblər artıq idarəolunmaz bir yerə çevrilib:


“Mən bunu hər zaman demişəm. Deputat olduğum dövrdə bildirirdilər ki, guya kimlərləsə konfliktim olduğu üçün belə fikirlər səsləndiririrəm. Lakin bu, belə deyil. Məktəbdən anlayışı olmayan adamları gətirib yığıblar ora. Şəkər, şərab zavodundan, dəniz limanından məktəb idarəçiliyə gətirilən adamlar təbii ki, ora gəlir obyekti kimi baxacaqlar. Çünki onlar məktəbin nə qədər vacib bir qurum olduğundan xəbərsizdilər. Bunu dəfələrlə desək də, heç bir tədbir görülmür. Nə qədər tənqid etsək belə, əhəmiyyətini görmürük. Əksinə neqativ hallar daha da dərinləşir. Dərs keçirilmir, uşaqlar məktəbə gəlmir. Sonda da müəyyən vəsait qarşılığında uşaqlara atestat və diplomlar verilir. Hazırki vəziyyətdən baş açmıram. Hər şey maddiyat üzərində qurulub. Pepperoni pizza


Bizim gələcəyimiz uşaqlarla bağlıdır. Onların yaxşı tərbiyə alması hər şeydən vacib olmalıdır. Dərslər də məktəblərdən kurslara və repititorların evlərinə daşınıb. Vəziyyət heç ürəkaçan deyil. Dövlət hər il orta təhsilə ayrılan vəsaiti artırır, lakin bir irəliləyiş yoxdur. Bu gün təhsildə çalışan insanların çoxu təhsildən xəbərsizdir”.


E.Əliyev qeyd edib ki, həmin tədbirləri məktəbin həyətində də etmək olar:


“Uşaqlara pul veririk ki, apar bunu müəllimə ver sənə hazırlıq keçsin. Uşaq nə üçün müəllimə pul verməlidir? Bununla bütün davranış və nizamn intizam prosesini zədələyirik. Dünyanın digər ölkələrində belə şeylər olsa, aləm qarışar biri-birinə.


Maraqlı olan odur ki, bu kimi dəbdəbəli tədbirlərin keçirilməsi nə qədər tənqid olunsa da aradan qalxmır. Görünən odur ki, həm müəllimlər, həm də şagirdlər buna meyillidirlər. Lakin bunlara ehtiyac yoxdur. Həmin tədbirləri məktəbin həyətində də etmək olar. Kütləvi şəkildə yığışmaq və həddən artıq vəsait xərcləmək doğru deyil. Bir şeyi edəndə sinifdəki bütün valideynlərin maddi durumu nəzərə alınmalıdır. Bahalı restoranların və səs-küylü tədbirlərin tərəfdarı deyiləm. Ondansa yığılıb müəllimə gül və ya kitab hədiyyə etsinlər. Eyni zamanda maraqlı səhnəciklər edərək, günü daha yaddaqalan hala salmaq olar. Nəyinki bahalı məkanlarda yığışmaq. Bu gün bütün ailələrin maddi vəziyyəti belə şeylərə imkan vermir. Bu cür məclisləri tamamilə aradan qaldırmaq lazımdır”.


Aydan Hacı



Telegram kanalımız