Serbiya Prezidenti Aleksandar Vuçiç 2027-ci ildə başa çatacaq hazırkı səlahiyyət müddətindən sonra yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Vuçiç bu barədə Bloomberg agentliyinə müsahibəsində danışıb. Jurnalistlərin gələcəkdə baş nazir vəzifəsinə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Serbiya lideri bunun mümkün olduğunu bildirib. O qeyd edib ki, hakim Serbiya Tərəqqi Partiyasının gələcəkdə onun rəhbərliyinə ehtiyacı yarana bilər.
Vuçiç həmçinin vurğulayıb ki, ölkədə bu ilin sonlarında həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Bundan əvvəl Serbiyanın sabiq baş nazir müavini, hazırda isə dövlətə məxsus “Srbijagas” şirkətinin Müşahidə Şurasının sədri olan Aleksandar Vulin də Vuçiçin növbəti prezident seçkilərində namizəd olmayacağını bildirmişdi. Vulinin sözlərinə görə, Vuçiç dövlət başçısı postundan getsə də, ölkənin siyasi həyatında aktiv rol oynamağa davam edəcək. Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib.
O, 2022-ci ildə keçirilən seçkilərdə yenidən qalib gələrək ikinci müddətə prezident olub. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq. Mayın 21-də Vuçiç ölkədə növbədənkənar parlament seçkilərinin sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcəyini açıqlayıb. Serbiya parlamentinin sədri Ana Brnabiç isə hakim Serbiya Tərəqqi Partiyasının qarşıdakı parlament seçkilərində Vuçiçi baş nazir postuna namizəd kimi irəli sürəcəyini bəyan edib. Beləliklə, Vuçiçin prezident postundan sonra hökumət rəhbəri kimi siyasi fəaliyyətini davam etdirməsi ehtimalı gündəmdə qalır.
Firuzə Əliyeva
Sfera.az