BMT dünyada ekstremal istilərə səbəb olan “El Nino” hava fenomeninin geri dönmək üzrə olduğu barədə xəbərdarlıq edərək, bütün ölkələri təcili tədbirlər görməyə çağırıb. Proqnozlara görə, bu təbii hadisənin yay aylarında başlama ehtimalı 80% təşkil edir və qlobal temperaturu rekord səviyyəyə yüksəldəcək.
Sfera.az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı (DMT) okean və atmosfer modellərinin "El Ninon"un “ən azı orta” və ya “güclü” intensivliklə geri dönəcəyini proqnozlaşdırdığını açıqlayıb.
Bəzi alimlər hətta bu dövrün əsrin ən güclü "El Nino" dalğası ola biləcəyi barədə xəbərdarlıq edirlər.
BMT-nin Baş katibi Antonio Quterreş bu vəziyyəti təcili iqlim xəbərdarlığı kimi qiymətləndirərək, "El Nino" şəraitinin onsuz da istiləşən dünyaya əlavə istilik verəcəyini bildirib. Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri bu dəfə daha ciddi şəkildə hiss olunacaq və sərhədləri aşaraq dağıdıcı sürətlə yayılacaq.
Xatırladaq ki, 2023-2024-cü illərdə planetə təsir edən "El Nino" dalğası tarixin ən güclü beş hadisəsindən biri olmaqla qlobal temperatur rekordlarının qırılmasına səbəb olmuşdu. BMT yeni dalğa ilə birlikdə, yaxın aylarda dünyanın demək olar ki, bütün bölgələrində qeyri-adi yüksək temperatur gözləyir.
Mütəxəssislər hesab edirlər ki, qlobal temperatur rekordu ən geci 2027-ci ilə qədər yenidən qırılacaq. Bu, həm həddindən artıq quraqlıq riskini, həm də güclü yağış ehtimalını artırır.
Vasif
Sfera.az