Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, hər il iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarix ölkədə mülki aviasiyanın inkişafının simvolik günü hesab edilir.
Sfera.az bildirir ki, Azərbaycan mülki aviasiyasının əsası 1938-ci il iyunun 2-də ilk aviasiya qrupunun yaradılması ilə qoyulub. Bu hadisə ölkədə mülki hava nəqliyyatının formalaşmasının başlanğıcı kimi qiymətləndirilir.
Hazırda mülki aviasiya sahəsində dövlət tənzimlənməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir. Qurum aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və icrasında iştirak edir, həmçinin uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir.
Agentlik eyni zamanda mülki aviasiya üzrə normativ tənzimləməni həyata keçirir, beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq edir və xarici ölkələrin aviasiya qurumları ilə əlaqələri inkişaf etdirir.
Bundan başqa, qurum hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi, texniki avadanlıqların və aviasiya subyektlərinin beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması prosesini həyata keçirir. Həmçinin ölkə hava məkanından istifadə qaydalarının hazırlanmasında iştirak edir, xarici aviaşirkətlərə uçuş icazələri verir və mülki aviasiya bazarında rəqabət mühitinin formalaşmasına nəzarət edir.
Dövlət Mülki Aviasiya Agentliyi aviasiya hadisələrinin araşdırılmasında iştirak edir, yoxlamalar aparır və müvafiq qanunvericilik aktlarına dair rəy verir.
Azərbaycanın mülki aviasiya sistemi beynəlxalq standartlara uyğun qurulub və ICAO tələblərinə tam cavab verir.
İnci