Şamaxıda yeni fəaliyyətə başlayan kapibara ferması ilə bağlı şikayət var.


“Yeni Sabah” xəbər verir ki, bloqer Hülya Əsədova orada da aldadıldığını iddia edir.


O, ailəsi ilə birlikdə fermaya baş çəkib. Uşaqlarının plastik oyuncaqlardan birini sındırdığını bildirən bloqer oyuncağın dəyərini ödəmək istədiklərini, lakin tələb olunan məbləğin onları təəccübləndirdiyini deyib: pizza


“Yeni açılan kapibara fermasına getmək üçün 110 kilometr yol qət etdik. Açığı, gözləntilərimiz doğrulmadı. Təyin olunan vaxtda məkana çatdıq və bir müddət gözləməli olduq. Bu zaman uşağımız salondakı plastik oyuncaqlardan birini sındırdı. Oyuncağın pulunu ödəmək istədik, lakin qiymət bizi təəccübləndirdi. “Temu”da təxminən 4 manata satılan bir oyuncaq üçün bizdən 60 manat tələb olundu.


Daha sonra kapibaraların olduğu hissəyə keçdik. Onları sığalladıq, yemlədik, şəkillər çəkdirdik və ayrıldıq. Giriş haqqı isə adam başına 35 manat idi. Yalnız 6 yaşadək uşaqlardan ödəniş alınmır”.


Bəs belə hallarda qanun nə deyir?


Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçı vurduğu zərərin əvəzini ödəməlidir:


“İstehlakçı biznes obyektinə hər hansı maddi ziyan vurubsa, şübhəsiz ki, həmin ziyanın əvəzini ödəməlidir. Bu məsələ müqavilədə və ya xidmət şərtlərində aydın şəkildə əks olunmalıdır. Lakin biznes etikası baxımından sahibkarlar ilk növbədə istehlakçı ilə qarşılıqlı razılıq əldə etməyə çalışmalıdırlar.


Təəssüf ki, Azərbaycanda biznes etikası sahəsində müəyyən problemlər mövcuddur. Bəzən sahibkarlar istehlakçının xırda bir səhvindən istifadə edərək ondan həddindən artıq məbləğ tələb etməyə çalışırlar. Bu barədə Azad İstehlakçılar Birliyinə də müraciətlər daxil olur. Mövcud qanunvericilik belə halları birbaşa tənzimləmir. Əsas yanaşma ondan ibarətdir ki, istehlakçı ilə biznes subyekti öz aralarında razılığa gəlməlidirlər”.


O qeyd edib ki, istehlakçıdan əsassız olaraq yüksək məbləğ tələb edilərsə, bu barədə aidiyyəti qurumlara müraciət edə bilər:


“Əgər istehlakçılardan şişirdilmiş qiymətlə və ya əsassız şəkildə yüksək məbləğ tələb olunubsa, onlara Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 012 599 76 00 nömrəli telefonu ilə əlaqə saxlayaraq məlumat vermələrini tövsiyə edirəm”.


Əsmətxanım Rzazadə




Telegram kanalımız