Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Nazirlər Kabinetində yüzlərlə kadr dəyişikliyi baş versə də, bəzi nazirlər uzun illər ərzində vəzifələrini qoruyub saxlamağı bacarıblar.
Onların bir qismi ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sisteminin formalaşdığı dövrlərdə fəaliyyət göstərərək müxtəlif mərhələlərin şahidi olub.
Sfera.az-ın araşdırmasına görə, müstəqillik dövründə ən uzun müddət nazir postunda qalan şəxslər əsasən müdafiə, xarici siyasət, ədliyyə və fövqəladə hallar kimi strateji sahələrə rəhbərlik edən məmurlar olub.
Fikrət Məmmədov - 24 il
Müstəqillik dövrünün ən uzunömürlü nazirlərindən biri sabiq ədliyyə naziri Fikrət Məmmədov olub. O, 2000-ci ildən 2024-cü ilə qədər Ədliyyə Nazirliyinə rəhbərlik edib. Beləliklə, onun nazir kimi fəaliyyət müddəti 24 ilə yaxın olub.
Kəmaləddin Heydərov - 20 ildən çox
Kəmaləddin Heydərov 2006-cı ildə yaradılan Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib və hazırda da bu vəzifəni icra edir. Bununla o, müstəqillik dövründə ən uzun müddət postunu qoruyan nazirlər sırasında ön sıralarda yer alır.
Səfər Əbiyev - təxminən 19 il
Səfər Əbiyev 1995-ci ilin fevralında müdafiə naziri təyin olunub və 2013-cü ilin oktyabrına qədər bu vəzifədə çalışıb. Beləliklə, o, təxminən 19 ilə yaxın ölkənin hərbi idarəçiliyinə rəhbərlik edib və Azərbaycan tarixinin ən uzunömürlü müdafiə nazirlərindən biri sayılır.
Elmar Məmmədyarov - 16 il
Azərbaycan diplomatiyasının tanınmış simalarından olan Elmar Məmmədyarov 2004-cü ilin aprelindən 2020-ci ilin iyuluna qədər xarici işlər naziri vəzifəsində çalışıb. Onun 16 illik fəaliyyəti müstəqillik dövrünün ən uzun xarici işlər naziri rekordlarından biri hesab edilir.
Misir Mərdanov - 15 il
1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri vəzifəsini icra edən Misir Mərdanov da uzun müddət kabinetdə təmsil olunan nazirlərdən biri olub. Onun dövründə təhsil sistemində bir sıra islahatlar həyata keçirilib.
Samir Şərifov - 20 ilə yaxın
18 aprel 2006-cı ildən maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov 2025-ci ilin fevralından Baş nazirin müavini təyin olunub. O, müstəqillik dövrünün ən uzunömürlü nazirləri sırasındadır. S,Şərifov həm neft gəlirlərinin yüksək olduğu illərdə, həm də sonrakı iqtisadi transformasiya mərhələsində maliyyə siyasətinin əsas icraçılarından biri olub.
Zakir Həsənov - 13 il
2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov artıq 13 ildən çoxdur ki, bu vəzifəni icra edir. Mövcud dinamika davam edərsə, o da gələcəkdə ən uzunömürlü nazirlər siyahısında daha yuxarı pillələrə yüksələ bilər.
Azərbaycanda nazirlərin uzun müddət vəzifədə qalmasının əsas səbəbləri siyasi etimad, idarəçilikdə sabitliyin qorunması və strateji sahələrdə təcrübənin ön planda tutulmasıdır. Maraqlıdır ki, rekordçuların əksəriyyəti məhz təhlükəsizlik, müdafiə, maliyyə və hüquq sahələrinə rəhbərlik edən şəxslərdir.
Firuzə Əliyeva
Sfera.az