31 may 2026-cı il tarixində Bakıda keçirilən “Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində “Sərhədsiz fortepiano” adlı konsert proqramı təqdim olunub.


 


Sfera.az xəbər verir ki, konsert proqramında sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Kamilla Sədirxanovanın gənc və istedadlı həvəskar, eləcə də peşəkar tələbələri çıxış edərək müxtəlif dövrlərə və üslublara aid əsərləri səsləndiriblər. İştirakçılar arasında Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya və Ukraynadan olan gənc ifaçılar da yer alıblar.


 


Yüksək ifaçılıq məharəti və maraqlı repertuar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsert proqramı gənc pianoçular üçün öz bacarıqlarını nümayiş etdirmək, səhnə təcrübəsi qazanmaq və beynəlxalq musiqi mühitinin bir parçası olmaq baxımından əhəmiyyətli platformaya çevrilib. Tədbirin xüsusi məqamlarından biri də Kamilla Sədirxanova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Afaq Aşumovanın dörd əl üçün yazılmış əsərlə gənc ifaçıları müşayiət etmələri olub. Konsertin finalında isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Yusifova və Kamilla Sədirxanovanın təqdim etdikləri duet tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.


 


“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və böyük səhnəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyan beynəlxalq mədəniyyət layihəsidir.