Pakistanda may ayında terror və silahlı hücumların sayında ciddi artım qeydə alınıb.
Sfera.az xarici mediaya istinaən xəbər verir ki, Münaqişə və Təhlükəsizlik Araşdırmaları üzrə Pakistan İnstitutunun (PICSS) açıqladığı aylıq hesabatda bildirilib ki, may ayında ölkədə terrorçu və silahlı qruplaşmalar yenidən fəallaşıb. Hesabata əsasən, terrorla bağlı zorakılıq halları əvvəlki ayla müqayisədə 27 faiz artıb.
Məlumata görə, may ayında ölkə ərazisində 128 terror hücumu baş verib. Aprel ayında bu göstərici 101 olub. Hücumlar nəticəsində 71 mülki şəxs, 68 təhlükəsizlik əməkdaşı və 6 yerli sülh komitəsi üzvü həyatını itirib. Bundan başqa, 185 nəfər yaralanıb.
Hesabatda mülki şəxslər arasında ölüm hallarının 92 faiz, təhlükəsizlik qüvvələri arasında isə 143 faiz artdığı vurğulanıb.
Ekspertlərin fikrincə, itkilərin artmasının əsas səbəblərindən biri intihar hücumlarının çoxalmasıdır. May ayında ölkədə 6 intihar terroru qeydə alınıb. Bu hücumlar zamanı 34 təhlükəsizlik əməkdaşı və 9 mülki şəxs həlak olub.
Ən ağır vəziyyət isə Bəlucistan əyalətində müşahidə edilib. Burada terror hücumlarının sayı bir ay ərzində 34-dən 71-ə yüksələrək 109 faiz artıb.
Hesabatda həmçinin qeyd olunub ki, ölkədə adam oğurluğu halları da geniş yayılıb. May ayında qeydə alınan 54 adam oğurluğu faktından 52-si məhz Bəlucistan əyalətində baş verib.
İnci
Sfera.az