Vaşinqtonun vasitəçiliyi ilə iki ölkənin nümayəndələri arasında keçirilən danışıqlardan sonra İsrail və Livan atəşkəs rejiminə əməl etmək barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda deyilir ki, Livan və İsrail danışıqları aparan şəxslər 2 və 3 iyun tarixlərində Vaşinqtonda görüşüblər.
"ABŞ-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində İsrail və Livan atəşkəsin tətbiq olunması barədə razılığa gəliblər. Atəşkəs Hizbullah atəşinin tamamilə dayandırılması və bütün Hizbullah əməliyyatçılarının Cənubi Litani sektorundan təxliyə edilməsindən asılıdır",– bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, tərəflər həmçinin nəzarətin tam şəkildə Livan Silahlı Qüvvələri tərəfindən həyata keçiriləcəyi pilot (sınaq) zonalarının yaradılması barədə də razılığa gəliblər. Bu addımlar hərtərəfli sülh və təhlükəsizlik sazişinə doğru irəliləyişi təmin edəcək.
ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyib və qarşılıqlı etimadın möhkəmləndirilməsi, bütün mübahisəli məsələlərin həlli və iki ölkə arasında hərtərəfli saziş üzərində işləmək məqsədilə birbaşa danışıqları davam etdirməyi öhdələrinə götürüblər.
Departamentin məlumatına görə, İsrail və Livan 22 iyunla başlayan həftədə siyasi və təhlükəsizlik məsələləri üzrə müzakirələri bərpa etmək və hərtərəfli razılaşmaya nail olmaq məqsədilə razılığa gəliblər.
Bununla yanaşı, ABŞ keçid dövründə tərəflər arasında əlaqələrin qurulmasına dəstək verməyə davam etməyə razı olub.
Livan və İsrail aprel ayında atəşkəs barədə razılıq əldə etmişdilər. Livan ordusu İsraillə münaqişədə iştirak etməmiş, döyüş əməliyyatlarını isə atəşkəs razılaşmasının tərəfi olmayan “Hizbullah” hərəkatı aparmışdı.
Firuzə Əliyeva
Sfera.az