Yay mövsümünün başlaması ilə məzuniyyətə çıxanların sayı artır. Bir çox sahələrdə çalışanlar məhz yay aylarında məzuniyyətə çıxmaq imkanı əldə edirlər.
Bu günlərdə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri müxtəlif sahələrdə çalışan şəxslərin məzuniyyət müddəti və tətilə çıxarkən aldıqları ödənişlərin məbləğidir. Maraq doğuranlar arasında deputatlar, müəllimlər və dövlət qulluqçularının məzuniyyət qaydaları və aldıqları ödənişlərdir.
Qeyd edək ki, adıçəkilən sahələr üzrə məzuniyyət qaydaları qanunvericiliklə fərqli şəkildə tənzimlənir.
Sfera.az bununla bağlı kiçik araşdırma aparıb.
Məzuniyyət və maliyyə təminatı baxımından ən diqqətçəkən kateqoriyalardan biri Milli Məclis deputatlarıdır. Qanunvericiliyə əsasən, deputatlar ildə ümumilikdə 60 təqvim günü məzuniyyətdə olurlar. Bunun 46 günü yay tətilinə (15 iyul - 30 avqust), 14 günü isə qış tətilinə (1 - 15 yanvar) təsadüf edir.
Milli Məclisin deputatı Azər Badamov deputatların məzuniyyətə çıxarkən aylıq ödnişləri əsasında məzuniyyət pulu aldıqlarını bildirdi:
“Qanunvericiliyə olunmuş dəyişikliklərdən sonra Milli Məclisin deputatlarına məzuniyyətə çıxanda əlavə ödənişlər verilmir. Bu baxımdan qeyd etmək istəyirəm ki, deputatlara məzuniyyətə çıxanda bütün digər dövlət təşkilatlarında olduğu kimi ancaq məzuniyyət pulu ödənilir”.
A.Badamovun bildirdiyi kimi məzuniyyət pulu millət vəkillərinin maaşı əsas götürülərək hesablanır. Hazırda qüvvədə olan maaş cədvəlinə əsasən, Milli Məclis sədrinin aylıq maaşı 17000 manatdır və əgər o, 60 gün məzuniyyətdə olacaqsa, alacağı məzuniyyət pulu təqribən 34000 manat təşkil edəcək. Bu məbləğ sədrin birinci müavinində 32000 manat, sədr müavinində 30000 manat, komitə və komissiya sədrlərində 26000 manat, komitə və komissiya sədrinin müavinlərində 23000 manat olacaq.Heç bir rəhbər vəzifə tutmayan deputatın aylıq vəzifə maaşı 9000 manat olduğundan onun ikiaylıq məzuniyyət pulu 18000 manat təşkil edəcək.
Lakin bildirək ki, millət vəkilləri bu məbləği tam ala bilmirlər. Çünki həmin məbləğdən əməkhaqqı ödənişində olduğu kimi icbari ödənişlər (vergi, məcburi dövlət sosial sığorta haqqı və s.) tutulur. Məsələn, heç bir vəzifəsi olmayan deputatın 9000 manat olan rəsmi maaşı tutulmalardan sonra 6545 manata düşür. Buna uyğun olaraq onun xalis məzuniyyət pulu da təxminən 13 000 manat olur.
Müəllimlərin məzuniyyət pulunun hesablanması da onların maaşına əsaslanır. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, müəllimlərə ildə 56 təqvim günü müddətində ödənişli əmək məzuniyyəti verilir. Məsələn, son bir ildə hər ay 1000 manat əməkhaqqı alan müəllimin məzuniyyət pulu təxminən 1841,84 manat olur. Qeyd edək ki, həmin məbləğdən qanunvericiliyə uyğun olaraq vergi və digər məcburi ödənişlər tutulur. Bu tutulmalardan sonra "ələçatan" məzuniyyət pulu 1483 manat olur.
Dövlət qulluqçularının məzuniyyət müddəti isə qulluq stajından asılı olaraq dəyişir. “Dövlət qulluğu haqqında” Qanuna əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyət verilir. Əmək stajına uyğun olaraq əlavə məzuniyyət günləri də nəzərdə tutulub. Məsələn, 5 ildən 10 ilədək stajı olanlara əlavə 2 gün (cəmi 32 gün), 10 ildən 15 ilədək stajı olanlara əlavə 4 gün (cəmi 34 gün), 15 ildən artıq stajı olanlara əlavə 6 gün (cəmi 36 gün).Dövlət qulluqçularının məzuniyyət pulu günlərin sayına uyğun olaraq hesablanır. Məsələn, aylıq maaşı 1200 manat olan və 15 ildən çox staja malik dövlət qulluqçusunun məzuniyyət pulu təxminən 1420,92 manat olur. Bu məbləğdən icbari ödənişlər çıxılır və qalan məbləğ 1144 manat təşkil edir.
Araşdırmadan görünür ki, məzuniyyət pulunun məbləği məzuniyyət müddətindən və əməkhaqqından asılıdır. Daha yüksək maaş alan və daha uzun müddət məzuniyyətdə olan millət vəkilləri daha çox məzuniyyət pulu alırlar.
Bəsti Rəfizadə
Sfera.az