“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfər edib. Məlum olduğu kimi, sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin başçılarının sammiti keçiriləcək. Azərbaycan da bu platformada dialoq üzrə tərəfdaş qismində iştirak etməklə ŞƏT ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində çox mühüm addımlar atır və bu səfər də həmin addımlardan biridir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib. O bildirib ki, sözügedən platforma siyasi dialoqun davam etdirilməsi və region üçün vacib inteqrasiya layihələrinin reallaşdırılması baxımından çox əhəmiyyətlidir:
“Bu baxımdan Azərbaycan Prezidentinin tədbirdə iştirakı olduqca əhəmiyyətlidir. Xüsusilə də nəzərə alsaq ki, ŞƏT əsasən 5 mühüm istiqamət üzrə fəaliyyətini genişləndirir. "ŞƏT+" formatına uyğun olaraq müəyyən edilən bu fəaliyyət spektri təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat və dəhlizlər, humanitar əməkdaşlıq, eləcə də çoxqütblü sistemin formalaşdırılmasını əhatə edir. Bu istiqamətlər üzrə yüksək səviyyəli dialoqun aparılması ŞƏT-in güclü siyasi platforma olduğunu göstərir. pizza
Avrasiya qitəsində mühüm bağları özündə birləşdirən bu proseslərdə Azərbaycanın fəal təmsil olunması yüksək qiymətləndirilməlidir. Artıq dövlət başçısının görüşləri də başlayıb və ilk görüş Ermənistanın Baş naziri Nikol Paşinyanla tutub. Bu da göstərir ki, platforma siyasi dialoqun davam etdirilməsi və region üçün vacib inteqrasiya layihələrinin reallaşdırılması baxımından çox əhəmiyyətlidir.
Cənab Prezident bir neçə gün bundan əvvəl Özbəkistana da səfər etmişdi. Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəyə qaldırılmasına dair vacib sazişlərin imzalandığını və bunların praktiki olaraq həyata keçirildiyini görürük. Məsələn, Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb ki, bu da imzalanan sənədlərin real töhfəsidir”.
A.Allahverənov qeyd edib ki, Azərbaycan ŞƏT ilə təhlükəsizlik, iqtisadiyyat, logistika və humanitar sahələrdə sıx əməkdaşlıq edir:
“Hər iki ölkənin Türk Dövlətləri Təşkilatında (TDT) və ŞƏT-də təmsil olunması inteqrasiya layihələrinin reallaşmasını şərtləndirir. Çindən Avropaya daşınan yüklərin Qırğızıstan üzərindən keçməsi Şərq–Qərb nəqliyyat dəhlizi üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan səfər Türk dövlətləri ilə münasibətləri sıxlaşdırmaq və bağları gücləndirmək üçün çox vacibdir.
Azərbaycan 2015-ci ildən ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq münasibətlərimiz var. Özbəkistanla əlaqələr əbədi dostluq, Qazaxıstan, Qırğızıstan və Tacikistanla münasibətlər isə strateji tərəfdaşlıq müstəvisindədir. Xüsusilə C6 formatında bu əlaqələrin intensivləşdiyini görürük.
Nəticə etibarilə Azərbaycan ŞƏT ilə təhlükəsizlik, iqtisadiyyat, logistika və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq həm Azərbaycanın maraqlarına xidmət edir, həm də ŞƏT üçün Azərbaycanın bu proseslərdə iştirakını vacib edir”.
Nazim Hacıyev
Telegram kanalımız